“İQNA”-nın “Bernama” agentliyinə istinadən verdiyi xəbərə görə, bu layihə hazırda Qəzzada yaşayan və Malayziyanın Səlangor ştatının paytaxtı Şah Alam şəhərində yerləşən Resto Kollecinin məzunu olan, Quran nüsxələri üzrə ixtisaslaşmış Qəzza sakini Əbdürrəhman ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Layihə rəhbərlərindən Cismi Cöhəri bildirib ki, Quran nüsxələri və İslam sənətləri mərkəzi Malayziyanın humanitar yardım heyəti “MAHAR”, Malayziyanın “Muslim CAIR” fondu və bu ölkənin “Haluan” təşkilatının iştirakı ilə tikiləcək.
O əlavə edib ki, layihə xalq ianələri vasitəsilə maliyyələşdiriləcək və ümumi dəyəri təxminən 10 milyon Malayziya rinqgiti olacaq.
Cöhəri qeyd edib ki, 10 milyon rinqgit məbləği binanın tikintisi, təlim xərcləri və materialların təminatını əhatə edən ümumi bir smetadır və Qəzzada münasib məkan tapılan kimi xəttatlıq və Quran köçürmə üzrə tədris kurslarına başlanacaq.
Cismi Cöhəri davam edərək bildirib: “Bu layihə Qəzza əhalisi üçün iş imkanları yaratmağı, eləcə də müxtəlif imkanlara – oxu zalları, tədris kursları və kitabxana kimi sahələrə malik bir mərkəzin qurulmasını nəzərdə tutur və Fələstin sənəti ilə mədəniyyətinin qorunmasına xidmət edəcək”.
MAHAR-ın rəhbəri olan Cismi deyib ki, bu layihə sadəcə adi bir bina deyil; iman gücünün simvolu və Qəzzanın yenidən qurulmasının Fələstin mədəniyyətinə diqqət yetirməklə başlamalı olduğunun göstəricisidir.
O əlavə edib: Bu, Qəzzanın yanında dayanmağımızın və bu bölgədə gələcək nəsillər üçün elmi və sənət mərkəzi yaratmağımızın yoludur.
Cismi Malayziya təşkilatları və xalqı ilə əməkdaşlığa və onların dəstəyini cəlb etməyə hazır olduğunu da bəyan edib.
4316892