“Əl-Cəzirə”nin xəbərinə görə, Fələstin Turizm və Qədim Abidələr Nazirliyi Qəzzanın ən qədim məscidi olan və bir anın içində sionist rejim tərəfindən yerlə-yeksan edilən böyük əl-Öməri məscidinin tarixi daşlarının çeşidlənməsinə başlayıb.
Əl-Öməri məscidi artıq Qəzza xalqının tanıdığı şəkildə deyil. İsrailin dağıdıcı müharibəsi onun tarixi xüsusiyyətlərini bir xarabaya çevirmiş, namaz və dua səhnələrinin şahidi olan daş divarları uçmuşdur. Bununla belə, minarəsinin bir hissəsi hələ də fəlakətin içində qürurla ayaqda qalır.
Böyük əl-Öməri məscidi Qəzzanın ən qədim məscididir. Bu məscid Qəzzanın qədim şəhərinin mərkəzində, izdihamlı bazarın yaxınlığında yerləşir. Onun ümumi sahəsi təxminən 1600 kvadratmetrdir ki, bunun 410 kvadratmetri daxili namaz zalına, 1190 kvadratmetri isə əvvəl minlərlə namaz qılanı qəbul edən geniş həyətinə aiddir.
Məscid 38 möhkəm mərmər sütun üzərində dayanır və memarlığı qədim üslubu əks etdirir ki, bu da onu nəsildən-nəslə ötürülən memarlıq şahəsərinə çevirir.
Əl-Öməri məscidi həmçinin Qəzzanın ən böyük və ən qədim məscidlərindən biri, Fələstinin isə Əl-Əqsa məscidi və Əkkada yerləşən Əhməd Paşa əl-Cəzzar məscidindən sonra üçüncü ən böyük məscidi hesab olunur və ölçüsünə görə Yafadakı Mahmudiyyə məscidi ilə müqayisə edilir.
Bu məscid Fələstin fəthi zamanı müsəlmanların xəlifəsi Ömər ibn Xəttabın şərəfinə “əl-Öməri” adlandırılıb. O həm də Qəzzanın ən böyük məscidi olduğu üçün “Cami məscidi” kimi tanınır.
Bu məscidin yerləşdiyi yer xristianlıqdan əvvələ gedib çıxır. Belə ki, 5-ci əsrdə Bizanslılar onu kilsəyə çevirməzdən əvvəl burada qədim bir məbəd mövcud olub.
7-ci əsrdə İslam fəthlərindən sonra müsəlmanlar onu məscid kimi yenidən inşa etdilər. Minarəsi isə miladi 1033-cü ildə baş verən zəlzələ nəticəsində uçmuşdu.
1149-cu ildə Səlibçilər bu məscidi kilsəyə çevirdilər, lakin Əyyubilər 1187-ci ildə Hittin döyüşündən sonra onu geri alaraq bərpa etdilər.
13-cü əsrdə Məmlüklər məscidi təmir etdilər, lakin 1260-cı ildə monqollar tərəfindən dağıdıldı.
Eyni əsrin sonlarına doğru bölgədə baş verən zəlzələ nəticəsində məscid yenidən uçdu.
15-ci əsrdə Osmanlılar onu zəlzələdən sonra bərpa etdilər, lakin Birinci Dünya müharibəsi zamanı Britaniya bombardmanı nəticəsində yenidən zərər gördü.
1925-ci ildə Ali Müsəlman Şurası məscidi təmir etdi və o, Qəzza xalqının həyatında mühüm bir bina kimi fəaliyyət göstərdi – ta ki, İsrailin son hava hücumlarında yenidən dağıdılana qədər.
4320330