“İQNA”-nın “Middle East”-ə istinadən verdiyi xəbərə görə, Misirin xarici işlər naziri Bədr Əbdülati “Əl-Cəzirə” telekanalına müsahibəsində Rafah keçidinin aktivləşdirilməsi ilə bağlı Misirin aydın və qəti mövqeyini vurğulayıb, İsraillə bu keçidin vəziyyəti barədə davam edən təmaslardan söz açıb və bildirib: İsrail bütün sərhəd keçidlərini humanitar yardımların Qəzzaya daxil olması üçün açmalıdır.
Bundan bir neçə gün əvvəl Qahirə, İsrail rəsmilərinin Rafah keçidinin fələstinlilərin könüllü çıxışı üçün birgə koordinasiya ilə açılacağı barədə açıqlamalarını təkzib etmişdi.
Misir XİN rəhbəri HƏMAS və İsrail arasında atəşkəs razılaşmasına toxunaraq, birinci mərhələdə müsbət cəhətlərin mövcud olduğunu, mənfi cəhətlərin isə İsrailin atəşkəsi pozması ilə bağlı olduğunu qeyd edib.
O, həmçinin ikinci mərhələni İsrailin geri çəkilməsi ilə bağlılığı səbəbindən çox mühüm adlandırıb və Qəzzada beynəlxalq qüvvənin yerləşdirilməsinin vacibliyini vurğulayıb ki, tərəflərin atəşkəsə riayət etməsinə əminlik yaransın və İsrailə bəhanə verilməsin.
Misir XİN rəhbəri əlavə edib: “Bu beynəlxalq qüvvə sülhü qorumaq üçün olacaq, sülhü məcbur etmək üçün yox və bu iki anlayış arasında böyük fərq var”.
Əbdülati həmçinin silahların məhdudlaşdırılması və vahid bir orqanın mövcudluğunun vacibliyini vurğulayıb ki, İsrail tərəfinin hər hansı bəhanəsi aradan qaldırılsın. O, eyni zamanda Qəzza zolağında silahların məhdudlaşdırılması mövzusu ilə bağlı fələstinli qruplarla müzakirələrin aparıldığını bildirib.
Misir XİN rəhbəri dünən də qətiyyətlə bəyan etmişdi ki, nə onun ölkəsi, nə də hər hansı xarici ölkə müharibədən sonra Qəzza zolağında hakimiyyət qurmayacaq və yalnız fələstinlilər özləri idarə edəcəklər.
Əbdülati deyib: “Beynəlxalq sülhməramlı qüvvə Qəzzada “sarı xətt” boyunca yerləşdirilməlidir”.
O, müsahibəsinin başqa bir hissəsində Livandakı hadisələrə toxunaraq bildirib: Biz bütün livanlı tərəflərlə, həmçinin regional və beynəlxalq qurumlarla Livanda gərginliyi azaltmaq üçün əməkdaşlıq edirik.
Qeyd edək ki, bu xəyali xətt İsrail ordusunun Qəzzada işğal etdiyi və ya yerləşdiyi əraziləri digər bölgələrdən ayırır. Bu xətt Donald Trampın planına əsasən HƏMAS və İsrail arasında atəşkəsin birinci mərhələsinin tərkib hissəsidir və 10 oktyabrdan etibarən icra olunmağa başlanıb. Lakin Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail bu razılaşmanı hər gün pozur və dünənədək bu mütəmadi atəşkəs pozuntuları 367 fələstinlinin şəhid olması və 953 nəfərin yaralanması ilə nəticələnib.
4321463