IQNA

Əl-Əzhər Quran tədrisi kampaniyası başladıb

12:01 - December 09, 2025
Xəbər sayı: 3499368
İQNA – Əl-Əzhər İslam Mərkəzi “Və təttilil-Quran: Quran tilavət et” adlı xüsusi Quran və təcvid tədrisi kampaniyasının başladığını elan edib.

“İQNA”-nın “News Rum”-a istinadla verdiyi xəbərə görə, bu kampaniya Quran elmlərinin yayılması və Misir vətəndaşlarının Qurani tərbiyəsi məqsədilə təcvid və tilavət hökmlərinin addım-addım öyrədildiyi silsilə tədris videolarının yayımlanmasını əhatə edir. 

Bu videolarda Quran sadə və asan üsulla, bütün ailə üzvlərinə uyğun şəkildə öyrədilir. Burada hərflərin məxrəcləri və sifətləri, ayələrin səhvsiz və düzgün oxunuşu tədris olunur. 

Əl-Əzhərin müavini Məhəmməd əd-Duvayni bu barədə belə deyib: “Ümid edirik ki, bu kampaniya Əl-Əzhər qızları və oğlanları, həmçinin elm axtaranlar üçün faydalı olacaq və Allahın kitabını öyrənməyi, onun mənaları üzərində düşünməyi onlar üçün asanlaşdıracaq.” 

O, Facebook-da paylaşdığı mesajında yazıb: “Bu kampaniya Əl-Əzhər şeyxi Əhməd ət-Tayibin göstərişləri əsasında başladılıb və məqsədi Quran öyrənməni asanlaşdırmaq, Qurani bir nəsil yetişdirməkdir.” 

Əl-Əzhər indiyədək Quran və təcvid hökmlərinin tədrisi istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirib. Bunlardan biri də Əhməd ət-Tayibin dəstəyi və Əl-Əzhərin müavini Məhəmməd Əbdürrəhman əd-Duvayninin nəzarəti ilə istifadəyə verilmiş “Elektron Quran Qari” tətbiqidir. 

Bu tətbiq Əl-Əzhərin yeni texnologiyalardan faydalanmaqla Qurana xidmət və onun tədrisi məqsədilə istifadəyə verilib. O, Quranın aydın və düzgün tilavətini təmin edən səmərəli bir tədris vasitəsi olaraq, Quran tədrisi prosesinə Əl-Əzhər müəssisələrinin daxilində və xaricində dəstək verir. 

4321621

captcha