IQNA

Almaniyanın Hannover şəhərində iki məscidə hücum

10:42 - December 12, 2025
Xəbər sayı: 3499385
İQNA – Almaniyanın Hannover şəhərində iki məscid naməlum şəxslərin hücumuna məruz qalıb və bu məscidlərə qarşı təxribatçı hərəkətlər həyata keçirilib.

“İQNA”-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hücum edənlər məscidlərin xarici divarlarına “IDF” (İsrail ordusuna işarə) və “İsrail” sözlərini yazıblar. Hücuma məruz qalan məscidlər İslam İcması Milli Görüş və Türk-İslam Dini İşlər Birliyinə məxsusdur. 

Ayasofya məscidinin rəhbəri, Milli Görüş İslam İcmasının üzvü İbrahim Kadik bildirib ki, bu təxribatdan yeni xəbər tutublar və Hannover müsəlman cəmiyyəti bu xəbəri dərin şok və kədərlə qarşılayıb. 

Kadik qeyd edib ki, polis hadisədən sonra araşdırmalara başlayıb, lakin hücum edənlərin kimliyi hələ məlum deyil. O, istintaqın bu hücumun təxribat xarakteri daşıyıb-daşımadığını və ya başqa motivlərə əsaslandığını üzə çıxaracağına ümid etdiyini vurğulayıb. 

Kadik hadisəni sərt şəkildə pisləyib və təcili araşdırma aparılaraq günahkarların müəyyənləşdirilməsini və cəzalandırılmasını tələb edib. O, ibadət yerlərinin hədəfə alınmasının cəmiyyətdə narahatlıq yaratdığını və dini sülh üçün təhdid olduğunu bildirib. 

Bu hadisə ilə bağlı Türkiyənin Hannoverdəki Baş Konsulluğu Almaniya rəsmiləri ilə əlaqə saxlayaraq araşdırmaların tezliklə tamamlanmasını, hücum edənlərin tutulmasını və məscidlər, dərnəklər və türk qurumları ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edib. 

Almaniya Federal Cinayət Polisi İdarəsinin məlumatına görə, cari ilin ilk doqquz ayında ölkədə 930 islamofob cinayət qeydə alınıb ki, bunların 31-i məscidlərə hücum olub. Bu cinayətlər fiziki zorakılıq, hədələmə, nifrət təbliği, əmlaka ziyan vurma və qeyri-qanuni təşkilatların simvollarından istifadəni əhatə edir. Nəticədə 37 nəfər yüngül, 1 nəfər isə ağır xəsarət alıb. 

Qərbi Avropada Fransadan sonra ən böyük müsəlman icmasına sahib olan Almaniyada təxminən 85 milyon əhalidən 5,5 milyonu müsəlmandır. 

4322299

captcha