IQNA

Ramazan ayına xüsusi Qurani-Kərim müsabiqəsi Banqladeşdə keçiriləcək

10:46 - December 19, 2025
Xəbər sayı: 3499430
İQNA – Banqladeşin TK qrupu Ramazan ayında “Nur ayələri – II mövsüm” adlı Qurani-Kərim tilavəti müsabiqəsinin ikinci mövsümünü keçirəcəyini elan edib.

“İQNA”-nın “alc.ae” saytına istinadla verdiyi xəbərə görə, TK qrupu rəsmi şəkildə Qurani-Kərim tilavəti müsabiqəsinin ikinci mövsümünü – “Nur ayələri – II mövsüm” – 2026-cı ilin mübarək Ramazan ayında təşkil edəcəyini açıqlayıb. 

Bu xəbər 14 dekabr, bazar günü Dakada yerləşən Pan Pacific Sonargaon Dhaka otelində keçirilən mətbuat konfransında elan olunub. Tədbirdə TK qrupunun kommersiya direktoru Məhəmməd Mofassal Haq, bir sıra müsəlman alimləri, dini liderlər və milli media nümayəndələri iştirak ediblər. 

Məhəmməd Mofassal Haq bildirib ki, bu təşəbbüsün məqsədi ölkənin müxtəlif bölgələrindən olan gənc və istedadlı hafizlər üçün milli bir platforma yaratmaq, onları Qurana bağlılığa və onun qorunmasına təşviq etməkdir. 

O vurğulayıb ki, proqramın ikinci mövsümü birincidən daha uğurlu olacaq və “Posti” qrupu bu Quran mərkəzli layihəni dəstəkləməyə davam edəcək. 

TK qrupunun insan resursları direktoru Almas Rasul Ğəni də tədbirdə çıxış edərək bu müsabiqənin qrupun geniş ictimai iştirakının bir hissəsi kimi əhəmiyyətini qeyd edib. 

O deyib: “Bu proqram TK qrupunun İslama xidmət sahəsində aparıcı təşəbbüslərindən biri olaraq qalacaq.” 

Beynəlxalq tanınmış Quran qarisi və “Nur ayələri” proqramının münsiflər heyətinin sədri Şeyx Əhməd ibn Yusif əl-Əzhəri də tədbirdə iştirak edərək bu təşəbbüsü uşaqlar və gənclərin Qurani-Kərimlə əlaqəsini gücləndirməsinə verdiyi töhfəyə görə alqışlayıb və TK qrupunun İslam dəyərlərinin cəmiyyətdə təbliği istiqamətindəki səylərini yüksək qiymətləndirib. 

Banqladeşin müxtəlif bölgələrindən gənc və istedadlı hafizlər müsabiqənin ilkin mərhələsində iştirak edə biləcəklər. Təcrübəli münsiflər heyətinin qiymətləndirməsindən sonra seçilmiş iştirakçılar əsas yarışa vəsiqə qazanacaqlar. 

Regional mərhələdə iştirakçılara “Nur ayələri” proqramı tərəfindən xüsusi hədiyyələr təqdim olunacaq, final mərhələsinin qaliblərinə isə yüz minlərlə taka (Banqladeş valyutası) dəyərində qiymətli mükafatlar və müxtəlif hədiyyələr veriləcək. 

Seçim mərhələsi 22 dekabr 2025-ci ildən Banqladeşdə başlayacaq və yarışlar Ramazan ayı boyunca hər gün saat 17:00-dan məğrib azanına qədər ölkənin 9-cu telekanalı vasitəsilə yayımlanacaq. 

TK sənaye qrupu Banqladeşdə bitki yağları ticarəti ilə tanınan sənaye holdinqidir. Şirkət həmçinin polad, gəmiqayırma, kağız və sellüloz, plastik, sement və tekstil sahələrində də fəaliyyət göstərir. 

Şirkətin baş ofisi Çittaqonq şəhərində yerləşir və TK qrupu Banqladeşdə əlavə dəyər vergisinin ən böyük ödəyicilərindən biridir. 

4323447

captcha