“İQNA”-nın “Sədyul-Bələd” qəzetinə istinadən verdiyi xəbərə görə, Məhəmməd əl-Məllah Pakistanda çoxsaylı insanların iştirakı ilə etdiyi tilavət zamanı iştirakçılardan birinin onun başına pul səpməsi ilə bağlı tənqidlərə cavab verərək deyib: “Qurani-Kərim tilavəti zamanı qarilərin başına pul səpmək Pakistanda mədəniyyətin, adət-ənənələrin bir hissəsidir və bu, orada geniş yayılmış bir adətdir”.
O əlavə edib: “Pakistanlılar bu yolla qarilərə olan məhəbbət və sevgilərini göstərirlər. Qurani-Kərim tilavəti üçün Pakistana səfər edən qarilər bu mədəniyyəti yaxşı tanıyırlar. Onlar əcəm (ərəb olmayan) olduqları üçün ərəb dilini bilmirlər”.
Əl-Məllah bildirib: “Qarinin həmin mədəniyyəti dəyişdirməsi doğru deyil; həmçinin qari tilavət zamanı məclisdə baş verən bütün hadisələrə diqqət edə və ya iştirakçıları mütləq sükuta məcbur edə bilməz. Çox vaxt qarilər urdu dilini bilmədikləri üçün onları bu işdən çəkindirmək imkanına malik olmurlar”.
O vurğulayıb: “Məclisdə iştirak edənlərin hamısı öz mədəniyyət və adətlərinə uyğun şəkildə heyranlıqlarını ifadə etmək istəyirdilər”.
Əl-Məllah sözlərinə davam edib: “Amma mən bu mədəniyyətə qarşı çıxanları dəstəkləyirəm, onların yanında dururam və bu davranışı rədd edirəm. Tilavət zamanı baş verən bu cür uyğun olmayan hərəkətlərə qarşıyam.”
O əlavə edib: “Dünən bir qari Qurani-Kərim tilavət edirdi, beş pakistanlı tacir gəlib ona çoxlu pul verdilər. Bu hadisə həmişə baş verir. Mən onların sistemini dəyişmirəm və onlarla heç bir işim yoxdur. Mən sadəcə Qurani-Kərim tilavət etmək üçün buradayam. Mən Əzhər məzunuyam, Qurani-Kərim qiraəti və elmləri üzrə təhsil almışam.”
Əl-Məllah sonda deyib: “Hər bir qari Pakistana gedəndə ona pul verirlər və heç bir qari onlara bu işi etməməyi deyə bilməz. Əgər kimsə etiraz etsə, onlar bunu təhqir kimi qəbul edirlər və böyük problem yarana bilər. Bu, onların mədəniyyətidir. Mən sadəcə təəccüblənirəm ki, insanlar niyə rəqqasəyə verilən pulla bu məsələni əlaqələndirirlər.”
Son günlər Məhəmməd əl-Məllahın Qurani-Kərim ayələrini çoxsaylı insanların qarşısında tilavət etdiyi bir video yayımlanıb. Tilavət zamanı bir neçə nəfər ona yaxınlaşaraq başına pul səpiblər. Bu hərəkət Pakistan cəmiyyətində “nuqta” adı ilə tanınır və bəzi ictimai tədbirlərdə təşəkkür və minnətdarlıq nişanəsi kimi qəbul olunur. Lakin misirlilər bu davranışı Qurani-Kərimlə əlaqələndirməyi qəribə və qəbuledilməz hesab edirlər.
Videonun yayılmasından sonra sosial şəbəkə istifadəçiləri arasında qəzəb dalğası yaranıb. Bir çoxları bu səhnəni Qurani-Kərimin ucalığına və müqəddəsliyinə hörmətsizlik kimi dəyərləndirib və pul səpilməsinin qarinin nüfuzunu aşağı saldığını vurğulayıblar.
Bəzi istifadəçilər isə qarini bu davranışa dərhal etiraz etmədiyi və məclisi dayandırmadığı üçün tənqid edərək, qarinin vəzifəsinin məclisin ədəbini qorumaq olduğunu bildiriblər.
4324604