IQNA

Şarcə Quran Məclisinin İslam əlyazmalarının bərpasında əməkdaşlığı

7:49 - January 21, 2026
Xəbər sayı: 3499605
İQNA – Şarcə Quran Məclisi və Şarcə İrs Mərkəzi İslam əlyazmalarının və tarixi əsərlərin bərpası və qorunmasında iştirak etmək məqsədilə əməkdaşlıq anlaşması imzaladılar.

“İQNA”, “menafn”-nə istinadən xəbər verir ki, bu anlaşma tarixi əlyazmaların sənədləşdirilməsi və arxivlənməsinə aid siyasət və qaydaların harmonizasiyasını, həmçinin təlim fəaliyyətləri və təcrübə mübadiləsi vasitəsilə qabiliyyətlərin artırılmasını gündəmə gətirir.

Şarcə Quran Məclisinin sədri Xəlifə Musbih ət-Tənici və Şarcə İrs Mərkəzinin sədri Əbdüləziz əl-Müsəlman bu anlaşmanı imzalayıblar. İmza mərasimində hər iki qurumun inzibati şöbələrinin bir sıra rəsmiləri və menecerləri iştirak edib.

Şarcə Quran Məclisinin sədri mərasimdə vurğuladı ki, bu əməkdaşlıq Məclisin Quran yazısı tarixinin və Quran elmlərinin inkişafının canlı şahidi sayılan əlyazmalara xidmət etmək, onları bərpa etmək və arxivləşdirmək üçün yeni texnologiyalar və süni intellektdən istifadə etmək sahəsindəki yanaşması istiqamətində həyata keçirilib.

O, əlavə etdi: "UNESCO-da qeydiyyatdan keçən Şarcə İrs Mərkəzi ilə əməkdaşlıq nadir əlyazmaların və tarixi əsərlərin arxivlənməsinə kömək edəcək, bu əlyazmaları zədələnmə və itmədən qoruyacaq və tədqiqatçılarla həvəskarların bu əsərlərə çıxışını asanlaşdıracaq."

Ət-Tənici aydınlaşdırdı: "Bu anlaşma Şarcə Quran Məclisinin, Şarcə İrs Mərkəzinin iştirak etdiyi beynəlxalq məclislərdə təqdimatında mühüm rol oynayacaq."

Şarcə Quran Məclisinin Şarcə əmiri və hökmdarı tərəfindən 24 dekabr 2020-də açılışı olub. Bu kompleks dünyanın ən böyük Quran məclisidir, yeddi elmi və tarixi muzeyi özündə birləşdirir və bundan əlavə Quran-Kərimlə bağlı fəaliyyətlərə və proqramlara, həmçinin müxtəlif Quran sahələrində fəalların və həvəskarların yığıncaqlarına xüsusi olaraq həsr olunub. Şarcə Quran Məclisinin dünyanın 140 ölkəsində filialları var və həm də dünyanın hər yerindən tələbələr qəbul edir.

Hal-hazırda Şarcə Quran Məclisinə tarixi Quranlar, dəri üzərində yazılmış Quranlar və digər nadir Quran əsərləri daxildir ki, onlardan bəzilərinin yaşı 1300 ilə çatır və hicri II əsrdən müasir dövrə qədər müxtəlif tarixi dövrləri əhatə edir.

Şarcə İrs Mərkəzi də mədəni və elmi bir qurum və mədəni irs sahəsində qabiliyyətin artırılması üçün UNESCO nəzarəti altında ikinci dərəcəli beynəlxalq mərkəzdir.

Həmçinin mədəni irs sahəsində öyrənilmə və sənədləşdirmədə əldə etdiyi böyük uğurlara görə bu mərkəz ixtisaslaşmış sahədə aparıcı qurumlardan biri hesab olunur.

4329202

captcha