IQNA

Həcc zəvvarları arasında Qurani-Kərimin 80 dildə paylanması

16:31 - May 30, 2026
Xəbər sayı: 3500440
İQNA – Səudiyyə Ərəbistanı İslam İşləri, Təbliğ və İrşad Nazirliyi iki Müqəddəs Məscidin xadiminin hədiyyəsi olaraq Həcc zəvvarları arasında Quran nüsxələrinin və onların tərcümələrinin paylanmasına başlayıb.

“İQNA”-nin “Əl-Vəam” xəbər portalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı İslam İşləri, Təbliğ və İrşad Nazirliyi bu Quranların paylanmasını ölkəni hava, quru və dəniz yolu ilə tərk edən zəvvarlar və hicri 1447-ci il Həcc mövsümünün uğurla keçirilməsində iştirak etmiş işçilər arasında başlayıb.

Bu kral hədiyyəsi Mədinəyi-Münəvvərədə Kral Fəhd Quran Nəşriyyat Kompleksi tərəfindən nəşr edilmiş bir milyon 900 min nüsxə Qurani-Kərimin paylanmasını əhatə edir. Bu mərkəz həmçinin Allahın qonaqlarına ayələri müxtəlif dillərdə anlamağı asanlaşdırmaq üçün Quranın 80 beynəlxalq dilə dəqiq tərcümələrini təmin edib.

Səudiyyə Ərəbistanı İslam İşləri, Təbliğ və İrşad Naziri Əbdüllətif ibn Əbdüləziz Ali Şeyx bu barədə deyib: "Bu hədiyyə, Səudiyyə Krallığının Qurana olan diqqətinin və müsəlmanların Allahın kəlamından bəhrələnməsi səyinin zirvəsini göstərir."

O əlavə edib: "Nazirlik, çıxış məntəqələrində və iş yerlərində paylama planının rəvan və səmərəli həyata keçirilməsi üçün bütün insan, təşkilati və logistik resurslarını ayırıb."

Ali Şeyx, Kral Fəhd Kompleksinin Qurani-Kərimə və onun elmlərinə xidmət, vəhy kəlamını ən yüksək keyfiyyət standartlarına uyğun olaraq yaymaq yolunda öz missiyasını davam etdirməkdə mərkəzi roluna işarə edib.

Quran paylanması illik bir təşəbbüs olub, Səudiyyə Ərəbistanının Həcc proqramlarının bir hissəsidir və ölkənin İslam İşləri Nazirliyi tərəfindən zəvvarların mənəvi təcrübəsini zənginləşdirmək və dünya müsəlmanları arasında Quranın yayılması və təbliği səylərini gücləndirmək üçün həyata keçirilir.

4355027

Teqlər: quran ، tərcümə ، həcc ، ərəbistan
captcha