Həcc İslamın ibadət şüarlarından və dini vaciblərindən biridir və Hicazda Məkkəyi-Müəkkəməyə səfər vasitəsilə yerinə yetirilən bir sıra mərasimlərdən ibarətdir. Müsəlman orada bir sıra ibadət əməllərini yerinə yetirir ki, bunların ictimai, iqtisadi və siyasi ölçüləri də vardır. Həmçinin Həcc müsəlmanların ən böyük toplaşmasıdır ki, müəyyən bir fəsildə, İslamın bütün firqələrindən olan qruplar Məkkəyi-Müəkkəmədə bir araya gəlirlər.
“İQNA”, Həccin İslam məzhəblərinin yaxınlaşmasında, İslam ümmətinin birliyində rolu, bu vacib əməlin fəlsəfəsi və onun ictimai və qlobal təsirləri barədə Mərakeşli jurnalist və yazıçı Heyat Ləlhab ilə müsahibə aparıb. Onun bir hissəsini aşağıda oxuyursunuz:
İQNA — Həccin İslam məzhəblərinin yaxınlaşması və İslam ümmətinin birliyindəki rolunu necə dəyərləndirirsiniz?
Həcc müxtəlif dini, siyasi, iqtisadi və mədəni ölçülərə malikdir və müxtəlif dilli, irqli və məzhəbli müsəlmanların bir araya gəldiyi bir fəsildir. İslam bizə öyrədir ki, Həcc bir dini görüş yeridir ki, orada müsəlmanların bir-biri ilə qardaşlıq bağları, dil və ya məzhəb fərqlərindən asılı olmayaraq, güclənir; elə bir yer ki, bütün fərqlər yox olur və müsəlmanlar birlikdə, Allahı bəndəlik və təkliyində (tövhid) əriyirlər. İmam Xomeyni (r.ə) də vurğulamışdır ki, Həcc İslam ümməti üçün birlik və böyük siyasi-ictimai dirçəliş fəslidir.
İQNA — Həccin fəlsəfəsi nədir və niyə müsəlmanlar dünyanın hər yerindən bir araya gəlirlər? Bu səfərin həccacların ruhuna və psixologiyasına hansı təsiri var?
Müsəlmanlar müxtəlif bölgələrdən bir araya gəlirlər ki, Allahın hamısına vacib buyurduğu bu ibadəti yerinə yetirsinlər. Həcc böyük bir səfərdir ki, özündə çoxlu mənalar daşıyır və müsəlmanların müqəddəs bir torpaqda toplaşdıqları illik bir konfransdır.
Həccin həccacların psixologiyasına təsirinə gəldikdə, onlar öz ölkələrinə qayıtdıqda, Allahla əvvəlkindən daha güclü bir əlaqəyə sahib olurlar. Həcc mərasimləri ruhu qidalandırır və həccacların psixologiyasında rahatlıq yaradır; həmçinin Həcc bizə təvazökarlıq, məsuliyyət hissi və həccacların Beytullahə səfərində öyrəndikləri digər xüsusiyyətləri öyrədir.
İQNA — Ərəfat və Məşərulhəramda duruşun (vüquf) mənası nədir? Bu iki məkanın mənəvi əhəmiyyəti nədən ibarətdir?
Ərəfatda duruş (vüquf) Həccin rüknlərindən biridir ki, Allaha yaxınlaşmaq (təqərrüb) niyyəti ilə və Onun dərgahında tam təvazökarlıqla yerinə yetirilir. Ərəfat gününün çoxlu mənaları var, hamısını qeyd edə bilmərəm, amma bəzilərinə işarə edirəm:
Ərəfatda duruş mənzərəsi bizi Qiyamət günü insanların Allahın hüzurunda dayanmasını xatırladır. Həmçinin bu gün, dinin tamamlanması ayəsi (və bu, Əmirəl-möminin Əlinin (ə) vilayətidir) nazil olmuşdur. Ərəfatda ən böyük məqam isə budur ki, İmam Zaman (ə.f) hacıların arasındadır və öz bərəkətli vücudu ilə onları əhatə etmişdir.
Bundan əlavə, hacıların Ərəfatda duruşu Allaha qarşı günah və təqsirlərini etiraf etməkdir və Ərəfat günü həccaclar üçün bərəkət və ilahi feyz dolu bir gün sayılır.
İQNA — Şeytanı daşlamaq (Rəmyi-cəmərat) nəyin rəmzidir? Nə üçün hacılar xüsusi sütunlara daş atırlar və bu əməl Həzrət İbrahimin (ə) həyatındakı hansı hadisəni xatırladır?
Əmirəl-möminin Əlidən (ə) nəql olunan rəvayətə əsasən, cəmrə atmağın səbəbi Həzrət İbrahimin (ə) hekayəsinə qayıdır; Cəbrail (ə) məşəri ona göstərəndə, İblis onun qarşısında peyda oldu və Cəbrail ona əmr etdi ki, İblisə doğru yeddi daş atsın.
Şeytanı daşlamaqdan şeytana qarşı müqavimət rəmzi olduğunu anlayırıq; eyni şər ki, şeytan, onun yoldaşları və insanları Allah yolundan başqa yola dəvət edən hər kəsin surətində təcəssüm edir.
İQNA — Qurban bayramı günü qurban kəsmək və onu ehtiyac sahibləri arasında bölüşdürməyin fəlsəfəsi nədir?
Həccdə qurban kəsmək, Həccin vaciblərindəndir ki, ona əsasən, qurban qoyun, inək və ya dəvə kimi dördayaqlılardan olmalıdır.
Zil-hiccənin onuncu günü qurban kəsmək, bir tərəfdən ailələrin güzəranının genişlənməsi üçündür, digər tərəfdən isə heç bir gücü və imkanı olmayan ehtiyac sahiblərinə və yoxsullara diqqət yetirməyi göstərir; və belə insanlar çoxdur, xüsusilə şəhidlərin yetimlərinin və yaralıların sayının çoxluğunu nəzərə alsaq. Ona görə də bu insanlara diqqət yetirməli və bayram fəslini yoxsullar, uşaqlıqda atasını itirmiş yetimlər və himayədarı və güzəranı olmadan ərlərini itirmiş qadınlar üçün bayrama çevirməlidir; buna görə də biz qurban kəsmə məfhumunu dərin və hərtərəfli bir anlayışla dərk etməliyik.
İQNA — İslamın həccacların bir-biri ilə qarşılıqlı əlaqəsi, birlik və əmin-amanlığın qorunması ilə bağlı tövsiyələri barədə buyurun.
İslam həmişə bizi gözəl xasiyyət sahibi olmağa, insanlarla gözəl rəftar etməyə və bütün yaş qruplarına hörmət göstərməyə təşviq edir, bizə təvazökarlıq və rəhmət öyrədir. Peyğəmbərin (s) buyurduğu kimi: "İman baxımından ən kamil möminlər, xasiyyətcə ən gözəl olanlarıdır". Gözəl xasiyyətin faydalarından biri budur ki, Qiyamət günü əməllərin hesabı asanlaşar və İmam Sadiqin (ə) buyurduğu kimi, Allah Öz peyğəmbərlərini gözəl əxlaqa sahib olmaq üçün seçmişdir. Beləliklə, Həcc müminin onda sınağa çəkildiyi bir meydandır ki, dözüm və keçiricilik (təsamüh) dəyərlərini sübut etsin və İslamın tövsiyə etdiyi əxlaq onda təcəssüm etsin.
İQNA — Həccin ictimai və qlobal nəticələri nədir və bu, İslam ümməti arasında həmrəyliyin güclənməsinə və müxtəlif mədəniyyətlərin daha yaxşı başa düşülməsinə necə kömək edə bilər?
Həcc mövsümü həmrəyliyi gücləndirmək, digər mədəniyyətləri qəbul etmək və digər millətlərin adət-ənənələrinə qarşı açıq olmaq üçün fürsətdir. Həcc dünyanın müxtəlif ölkələrindən nəhəng bir əhalinin bir araya gəldiyi illik bir münasibətdir. Buna görə də, bu münasibət səhranın ortasındakı bir abadlıq kimi olacaq ki, bir çox mədəniyyətlər orada görüşür. Burada həccaclar bu qovuşmadan bəhrələnirlər ki, bu toplaşma qardaşlıq mühitində yaxınlaşma və həmrəylik üçün bir zəmin olsun.
4354805