IQNA

Həmas hərəkatının azanın qadağan edilməsi qanununa reaksiyası

12:33 - July 02, 2026
Xəbər sayı: 3500656
İQNA – Həmas hərəkatı sionist rejimin Knessetində Qüds və işğal olunmuş ərazilərdəki məscidlərdə azanın verilməsinin qadağan edilməsi və məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin təsdiqlənməsinə cavab olaraq bəyanat yayıb.

“İQNA”-nın "Şəhab" agentliyinə istinadən verdiyi məlumata görə, Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) öz bəyanatında bildirib: "Sionist Knessetində azanın verilməsinin qadağan edilməsi və məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin ilkin oxunuşda təsdiqlənməsi ibadət azadlığına qarşı açıq-aşkar təcavüzdür. Bu, işğalçıların xalqımıza və müqəddəs yerlərimizə qarşı başlatdığı dini müharibə çərçivəsində yeni bir gərginlik mənbəyidir. Bu addım dini ayinlərin yerinə yetirilməsi azadlığını və ibadətgahların toxunulmazlığını təmin edən beynəlxalq müqavilələrin və normaların kobud şəkildə pozulmasıdır."

Hərəkat bəyan edib: "Cinayətkar sionist düşmənin ərəb və islam kimliyinə malik olan hər şeyi hədəf alan irqçi qanunları qəbul etməkdə israr etməsi, bu rejimin siyasətlərində hökm sürən ekstremizmin dərinliyini göstərir. Bu, xalqımızın ərəb və islam kimliyini məhv etmək, Məscidül-Əqsanı və digər islam müqəddəslərini hədəf almaq, ibadət azadlığını, məscidlərin abadlaşdırılmasını və orada iştirakı hədəfə alan saxta reallıqları zorla qəbul etdirmək məqsədi daşıyan "yəhudiləşdirmə" layihələrinin davamlılığıdır və bütün dünyadakı müsəlmanların hisslərinə qarşı açıq bir meydan oxumadır."

Həmas bəyanatında vurğulayıb: "Biz təsdiq edirik ki, azan İslamda əbədi bir şüar və Fələstin və Qüds kimliyinin ayrılmaz bir hissəsi olaraq qalacaq. İşğalçıların qanunları və repressiv tədbirləri heç vaxt məscidlərin səsini kəsə və ya onun dini və mədəniyyət elementlərini məhv edə bilməyəcək. Yəhudiləşdirmə siyasətləri bu torpağın kimliyini dəyişməkdə və ya tarixini təhrif etməkdə qalib gələ bilmədiyi kimi, faşist işğalçı rejim də bu siyasət və qərarlardan məğlubiyyət və ümidsizlikdən başqa bir şey əldə etməyəcək."

Həmas sonda bildirib: "Biz Fələstin xalqını, ərəb və islam ümmətini, dini və hüquqi qurumları Məscidül-Əqsanı və digər islam müqəddəslərini müdafiə etmək üçün səylərini birləşdirməyə və fəaliyyətlərini genişləndirməyə çağırırıq. Həmçinin Qüds əhalisinin müqavimətinə dəstək verməyin, Əqsadakı iştirak və duruşu dəstəkləməyin, işğalçıların ibadət azadlığına zərər vurmaq cəhdlərinə qarşı çıxmağın və onların irqçi siyasətlərini və davamlı təcavüzlərini bütün beynəlxalq platformalarda ifşa etməyin vacibliyini vurğulayırıq."

4361604

Teqlər: həmas ، azan ، sionist rejim ، qüds
captcha