IQNA

10:14 - August 17, 2026
Xəbər sayı: 3500976

ABŞ-da Qurani-Kərimin yandırılması və təhqir edilməsinin təkrarlanması pislənilib

İQNA – İnsan hüquqları qrupları ABŞ-da Qurani-Kərimin yandırılması və təhqir edilməsi hallarının təkrarlanmasını kəskin şəkildə pisləyiblər.

“İQNA”-nın "Əxbar əş-Şiə"yə istinadən verdiyi məlumata görə, ABŞ-da Qurani-Kərimin bir nüsxəsinin yandırılması və təhqir edilməsi ilə bağlı yeni hadisə insan hüquqları və ictimai qruplar tərəfindən geniş etiraz və qınaq dalğasına səbəb olub.

Bu qruplar ABŞ-da Quranın yandırılması və təhqir edilməsinin təkrarlanması ilə bağlı xəbərdarlıq edərək, dini təxribatlara qarşı daha ciddi tədbirlərin görülməsini və ictimai sülhün qorunmasını tələb ediblər.

Hesabata əsasən, Florida ştatının Mayami şəhərində ifrat sağçı fəal Ceyk Lonq, Quran və müsəlmanlara qarşı silsilə təxribatçı hərəkətlərinin davamı olaraq, son iki ildə beşinci dəfə Quran nüsxəsini yandırıb və təhqir edib.

Lonq daha əvvəl böyük ərəb və müsəlman icmasının yaşadığı Miçiqan ştatının Dirborn şəhərinə səfəri zamanı da qalmaqala səbəb olmuşdu. O, orada Quran nüsxələrini yandırmağa və təhqir etməyə cəhd etməkdə, habelə İslam əleyhinə bəyanatlar verməkdə ittiham edilmişdi.

Yeni təxribatlarla bağlı narahatlıqlar fonunda Dirborn polisi sakinləri şəhər kənarından gələn və İslam əleyhinə fəaliyyətlərdə iştirak edə biləcək qruplarla qarşıdurmadan çəkinməyə çağırıb və şəhər şurasının iclası ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini vurğulayıb.

Dirbornun polis rəisi İsa Şahin bildirib ki, təxribat və diqqət cəlb etmək məqsədilə şəhərə gələn qruplar reaksiyaları qızışdırmağa çalışırlar; o, sakinləri bu cür cəhdlərə uymamağa çağırıb.

Amerika-İslam Münasibətləri Şurasının (CAIR) Miçiqan şöbəsi də təmkinli olmağın və qarşıdurmadan qaçmağın vacibliyini vurğulayıb.

Bu arada, insan hüquqları təşkilatları Quranın yandırılmasını və təhqir edilməsini pisləyərək, bu cür hərəkətlərin təkrarlanmasını müsəlmanların hisslərinin qəsdən təhrik edilməsi və cəmiyyətlərdə dini nifrət və düşmənçiliyin körüklənməsinə xidmət etdiyini bildiriblər.

Həmin təşkilatlar Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 20-ci maddəsinə istinad edərək – hansı ki, diskriminasiya, düşmənçilik və ya zorakılığa təhrik edən milli, irqi və ya dini nifrətin təbliğini qadağan edir – vurğulayıblar ki, "ifadə azadlığı" dini nifrəti qızışdırmaq üçün bir örtük kimi istifadə edilməməlidir.

Təşkilatlar həmçinin dini nifrətlə mübarizəyə dair beynəlxalq qətnamələrə istinad edərək BMT, İnsan Hüquqları Şurası, Ali Komissarlıq, beynəlxalq təşkilatlar və İslam ölkələrindən müqəddəs İslam dəyərlərinə qarşı təkrarlanan hücumlar qarşısında aydın mövqe tutmağı və İslamofobiya ilə mübarizə üçün hüquqi və diplomatik mexanizmləri işə salmağı tələb ediblər.

4370125

captcha