İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Azərbaycan KİV-lərinə istinadən verdiyi xəbərə görə 2011-ci il fevralın 11-də axşam saatlarında Misirin keçmiş kəşfiyyat naziri (həmin vaxt müvəqqəti baş nazir idi - K.R) Ömər Süleyman kameralar qarşısına keçib, Hüsnü Mübarəkin istefa verdiyini elan etdi. Bu kadrlara “Euronews” kanalında canlı yayımda baxırdım. Hətta kövrəldim, çünki ekranın digər yarısında Təhrir meydanında kütlənin sevinc qışqırıqları vardı. Həmin gün ərəb dünyasında yeni mərhələ başlayırdı.
Ötən həftə Misirin keçmiş diktatoru Hüsnü Mübarək məhkəmədə bəraət alaraq azadlığa çıxanda isə fərqli hislər hakim idi mənə.
Böyük ümidlərlə başlayan “ərəb baharı” rəsmən başa çatdı. Misirdə yenidən hakimiyyəti ələ keçirən Mübarək komandası keçmiş liderlərinə sədaqət nümayiş etdirərək, ona məhkəmə vasitəsilə bəraət (məhz bəraət, əfv və ya amnistiya deyil - K.R.) verdilər. Misir ərəb dünyasının açar ölkəsidir, əhalisi 90 milyon nəfərə çatan ölkə həm coğrafi yeri, həm ərazisi və insan sayına görə 300 milyon nəfər əhalini və 22 dövləti ehtiva edən ərəb dünyasında hər zaman aparıcı rolu oynayıb. İnqilab Tunisdə başlasa da, həlledici mərhələ Misirdə oldu. Amma bu, artıq arxada qalan mərhələdir.
Dekabrın 14-də Tunisdə küçə ticarətçisi Məhəmməd Buəzizinin özünü yandırması ilə başlayan “Yasəmən inqilabı” və ya sonrakı adı ilə “ərəb baharı”nın 4 yaşı tamam olur. “Ərəb baharı” başladığı ilk ildə 4 diktatorun - Zeynəlabidin bin Əli (Tunis), Hüsnü Mübarək (Misir), Müəmmar Qəzzafi (Liviya) və Əli Abdullah Salehin (Yəmən) hakimiyyətinin devrilməsi ilə nəticələndi. Ancaq bu gün inqilab coğrafiyasında başqa “küləklər əsir”. Liviya, Yəmən, Suriya, İraq və qismən də Misirdə radikal islamçıların terror təşkilatları fəallıq edir, bölgə demək olar ki, qan gölünə çevrilib.
Nə baş verdi? Demokratiya, insan hüquqları və daha yaxşı azad həyat uğuruna başlayan inqilabların arxasınca İŞİD və ona bənzər qruplaşmalar ortaya çıxdı. Halbuki ilk başda heç bir ölkədə radikal islam şüarları yox idi. Xalqlar yalnız diktatura rejimlərdən xilas olmaq, azad və ədalətli cəmiyyət qurmaq arzusu ilə meydanlara çıxmışdılar. Lakin 4 il sonrakı nəticələr tamam fərqlidir. İndi meydanlarda İŞİD və onun tipində terror, silahlı qruplaşmalar var. Yeri gəlmişkən, “ərəb baharı”ndan “sağ çıxan” yeganə ölkə olan Tunisdə daxili müharibə olmasa da, hazırda Yaxın Şərqdəki silahlı qruplarda savaşan ən çox xarici ölkə savaşçıları məhz Tunisdəndir. Yəni öz ölkələrində savaş meydanı qazana bilməyən militanlar çarəni İraq və Suriyada döyüşməkdə tapıblar. Bu kəskin dəyişikliyin isə bir neçə mühüm səbəbi oldu.
Birincisi, inqilab başlayan ölkələrdə uzun illər davam edən avtoritar rejimlər siyasi institutları məhv etdiyi üçün (yalnız Tunis və Misirdə qismən də olsa siyasi partiyalar və QHT-lər qalırdı - K.R.) başlayan inqilabi proseslərin fonunda yaranmış təşkilatlanma boşluğunda radikal islamçılar ortaya çıxdılar.
İkinci amil rejimlərin radikal islamçıları meydana çıxaran hərəkətləri oldu. İlk olaraq Müəmmar Qəzzafi Liviyada üsyan edənlərə qarşı silahla çıxdı. Nəticədə Liviyada hökumətə qarşı silahlı müxalifət formalaşdı və aydın məsələdir ki, müsəlman ölkəsi olan Liviyada silahlı qrupların bir hissəsi yerli və bölgə ölkələrindən gələn islamçılar idi. Daha sonra bu proses Suriyada baş verdi. Həm Liviyada, həm də Suriyada hakimiyyətə qarşı silahlı müxalifətə xarici ölkələr də dəstək verdi və nəticədə daha fəal və bu hadisələrə “müqəddəs cihad” kimi yanaşan islamçı qrupların sayı və gücü sürətlə artdı. Çünki həmin vaxt Qərb dövlətləri də diktatorların devrilməsi üçün silahlı müxalifətə - dinə yanaşmasından asılı olmayaraq - dəstək verdi. Qərb yalnız iş-işdən keçəndən sonra radikal islamçı qrupların fərqində oldu, onda isə artıq gec idi.
Radikal islam amili müsəlman ölkələri üçün həmişə aktual problem olub. Çünki sosial ədalətsizliyin, yoxsulluğun, siyasi avtoritarizmin mövcud olduğu yerdə istər-istəməz alternativ güc özünü fəda etməyə hazır olan radikal İslam olub. Siyasi iştirakdan, özünü təsdiqləmək imkanından, normal şərtlərdə həyatını yaşamaqdan məhrum qalan müsəlmanların (xüsusən də gənclər) üz tutacağı ünvan radikal islamdır. Bu “təcrübəni” ötən əsrin 60-70-ci illərində Əfqanıstanda başlayan müharibədə ortaya çıxan “əl-Qaidə” nümunəsi təsdiqləyib. Yaxın Şərqin avtoritar müsəlman ölkələrində əzilən, basqı altında qalan müsəlmanlar radikal islam şüarları altında Əfqanıstandakı “cihada” qoşuldular və “əl-Qaidə” kimi təşkilatlar yarandı.
“Ərəb baharı”nın nəticəsizliyi, inqilabın siyasi intriqalara çevrilməsi İŞİD kimi tarixi xilafət qurmaq ideyasına söykənən qruplara rəğbət yaratdı. Yoxsa ki, “ərəb baharı”nda meydanlara çıxan xalqlar radikal islama əsaslanan “xilafət” deyil, normal cəmiyyət qurmağı hədəfləyirdilər.
Yazar : Kənan RÖVŞƏNOĞLU