IQNA

İlk Pakistan Beynəlxalq Quran Müsabiqəsi keçiriləcək

22:57 - November 14, 2025
Xəbər sayı: 3499208
İQNA - Pakistanın ilk beynəlxalq Quran müsabiqəsi bu ayın sonlarında İslamabadda təşkil olunacaq.

“İQNA”, “ProPakistani”-yə istinadən xəbər verir ki, Pakistanın paytaxtı İslamabad ölkə tarixində ilk dəfə keçiriləcək bu növ beynəlxalq Quran müsabiqəsinə ev sahibliyi etməyə hazırlaşır.

İƏT-ə (OIC) üzv ölkələrdən 34-dən çox qarinin bu yarışda iştirak edəcəyi bildirilir.

Müsabiqə ölkənin Din İşləri Nazirliyinin təşəbbüsü ilə 24–29 noyabr tarixlərində keçiriləcək və qarilər İslamabad Milli Xarici Dillər Universitetində (NUML) mənəvi atmosferdə bir-biri ilə rəqabət aparacaqlar. Tədbir tanınmış dini və dövlət xadimlərinin iştirakı ilə Cinnah Konfrans Mərkəzində mükafatlandırma mərasimi ilə başa çatacaq.

Bu tarixi müsabiqə Pakistanın İslam dünyası xalqları arasında mədəni və mənəvi bağları gücləndirmək, eləcə də Qurani-Kərimə xidmət və onun ali dəyərləri – məhəbbət, sülh və birlik – mesajını yaymadakı rolunu önə çıxarmaq səylərinin bir hissəsidir.

Gözlənilir ki, bu tədbir Pakistanın dini və mədəni mənzərəsinə dərin təsir göstərəcək, çünki ölkənin regional və beynəlxalq səviyyədə Quran fəaliyyətlərini dəstəkləyən fəal bir mərkəz kimi mövqeyini gücləndirmək istiqamətində keyfiyyətli bir addım sayılır.

Radio Pakistan xəbər verib ki, bu tədbirə ev sahibliyi etməklə ölkə öz mədəni, mənəvi və dini ənənələrini nümayiş etdirməklə yanaşı, İƏT üzv ölkələri ilə əlaqələri möhkəmləndirməyi hədəfləyir. Müsabiqənin məqsədi gəncləri Quranın mənaları üzərində düşünməyə təşviq etmək və müqəddəs qiraət ənənəsini nəsillər boyunca yaşatmaqdır.

Müsabiqənin böyük mükafatının təqdimetmə mərasimi 29 noyabr tarixində İƏT-in baş katibi Hüseyn İbrahim Taha, Məscidül-Həram və Məscidün-Nəbinin dini işlər idarəsinin rəisi Şeyx Əbdürrəhman əs-Südeys, həmçinin dövlət rəsmiləri, dini alimlər və xarici nümayəndələrin iştirakı ilə Cinnah Konfrans Mərkəzində keçiriləcək.

Ötən ay Pakistanın ilk Beynəlxalq Quran Müsabiqəsinin icraçı direktoru Qari Sədaqət Əli İran İslam Respublikasının İslamabaddakı Mədəniyyət Müşavirliyinə gələrək ölkəmizin mədəniyyət müşaviri Məcidi Müşki ilə görüşüb. Görüşdə Pakistanın ilk beynəlxalq Quran müsabiqəsinin təşkilati məsələləri müzakirə olunub.

Müsabiqənin icraçı direktoru İran İslam Respublikasının Quran sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, İranı müxtəlif Quran elmləri və sənətlərində aparıcı ölkələrdən biri kimi dəyərləndirib və iranlı hakimin digər İslam ölkələrindən olan hakimlərlə yanaşı bu yarışda iştirak etməsinin onlar üçün qürurverici olduğunu bildirib. O həmçinin ümid etdiyini deyib ki, İran nümayəndəsi olan qari də bu müsabiqədə yüksək nəticə əldə edəcək.

4316711

Teqlər: pakistan ، iran ، quran ، müsabiqə
captcha