“Əl-Cəzirə”nin verdiyi xəbərə görə, Həmas bir bəyanatında vurğulayıb: “ABŞ tərəfindən təqdim edilən və BMT Təhlükəsizlik Şurasında qəbul olunan bu qətnamə Fələstin xalqının siyasi və insani tələbləri ilə, xüsusən də son iki ildə tammiqyaslı müharibə və vəhşi soyqırımla üzləşən Qəzza zolağının vəziyyəti ilə heç bir şəkildə uyğunlaşmır. Bu, işğalçı rejimin bütün dünyanın gözü qarşısında törətdiyi misilsiz cinayətlərdir və Trampın planına əsasən müharibənin başa çatdığı elan edilsə belə, nəticələri və fəsadları hələ də davam edir”.
Həmas əlavə edib: “Qətnamə Qəzza üzərində bir növ beynəlxalq qəyyumluq tətbiq edir və bu, xalq və milli hərəkatlar, o cümlədən müqavimət qrupları tərəfindən qətiyyətlə rədd edilir. Bu sənəd işğalçı rejimin dağıdıcı müharibə ilə əldə edə bilmədiyi məqsədləri Qəzzaya zorla sırımağa xidmət edən mexanizmlər yaradır. Bundan əlavə, Qəzzanı Fələstinin vahid coğrafiyasından ayırmağa və Fələstin xalqının milli prinsiplərinə və qanuni hüquqlarına zidd olan yeni reallıqlar yaratmağa çalışır; elə reallıqlar ki, onların öz müqəddəratını təyinetmə və paytaxtı Qüds olan müstəqil Fələstin dövləti qurmaq hüququnu əlindən alır”.
Bəyanatda deyilir: “İşğala qarşı bütün mümkün vasitələrlə müqavimət göstərmək beynəlxalq qanun və müqavilələr tərəfindən təmin edilən qanuni bir haqqdır. Müqavimətin silahı da işğalın davamı ilə bağlıdır və bu silahla bağlı hər hansı müzakirə yalnız milli və daxili bir məsələ olaraq qalmalıdır; elə bir məsələ ki, işğalın sona çatmasını, dövlətin qurulmasını və öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsini hədəfləyən siyasi proses çərçivəsində müzakirə oluna bilər”.
Həmas bildirib: “Qəzza zolağı daxilində müəyyən tapşırıqları və rolları yerinə yetirəcək beynəlxalq qüvvənin yaradılması — o cümlədən müqavimətin silahsızlaşdırılması — bu qüvvənin qərəzsizliyini aradan qaldıracaq və onu işğalçı rejimin xeyrinə münaqişənin bir tərəfinə çevirəcəkdir. Əgər belə beynəlxalq qüvvə yaradılarsa, o yalnız sərhədlərdə yerləşdirilməli və qüvvələrin ayrılmasına, atəşkəsə nəzarətə cavabdeh olmalıdır. Bu qüvvə tam şəkildə BMT-nin nəzarəti altında fəaliyyət göstərməli və yalnız Fələstinin rəsmi qurumları ilə koordinasiya etməlidir; işğalçı tərəfin bu işdə heç bir rolu olmamalıdır. Həmçinin onun vəzifəsi humanitar yardımın axınını təmin etmək olmalı, Fələstin xalqını və müqavimətini təqib edən təhlükəsizlik orqanına çevrilməməlidir”.
Hərəkat əlavə edib: “Humanitar yardımın göstərilməsi, zərərçəkənlərə yardım və keçid məntəqələrinin açılması Qəzza zolağındakı xalqımız üçün əsas və ayrılmaz bir haktır. İşğalçı rejimin yaratdığı görünməmiş humanitar faciə şəraitində yardım və humanitar əməliyyatları siyasi alverə, şantaja və mürəkkəb mexanizmlərə bağlamaq olmaz. Bu vəziyyət tələb edir ki, keçid məntəqələri dərhal açılsın və bu böhranla mübarizə aparmaq üçün bütün imkanlar BMT və onun qurumları, xüsusən də UNRWA vasitəsilə səfərbər edilsin”.
Həmas sonda vurğulayıb: “Biz beynəlxalq ictimaiyyəti və Təhlükəsizlik Şurasını beynəlxalq hüququn və humanitar dəyərlərin nüfuzunu bərpa etməyə, Qəzza və Fələstin məsələsi ilə bağlı ədalətli qərarlar qəbul etməyə çağırırıq. Onlar vəhşi soyqırımı sona çatdırmalı, bərpa prosesinə başlamaqla yanaşı, işğalı bitirməli və xalqımız üçün öz müqəddəratını təyinetmə və paytaxtı Qüds olan müstəqil dövlət qurma imkanını təmin etməlidirlər”.
BMT Təhlükəsizlik Şurası bu gün çərşənbə günü ABŞ tərəfindən təqdim olunan Qəzza ilə bağlı qətnamə layihəsini qəbul edib.
4317591