İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi):
Dünən axşam saatlarında evə qayıdarkən metro yaxınlığında ayağında ayaqqabısı olmayan bir uşağı gördüm.
Bir küncə sıxılıb, sadəcə əlini açmışdı. Fevral ayında ayağı yalın və kurtkasız bir uşağı görmək mənə çox pis təsir etdi. Ona yaxınlaşaraq xırda pul verdim, üzünə baxdım və soyuqdan çox pis halda olduğunu müşahidə etdim.
Təsəvvür edirsizmi?
Fevral ayı, 8-9 yaşında bir uşaq, ayağı yalın və soyuqdan titrətməsini gizlətməsi...
Bu mənzərələr məni Kufəyə apardı; İmam Əlinin (ə) yetimlərə gecələr yardım etməsini; paltar, yemək və başqa ehtiyaclarını təmin etməsi gözümün önümdə canlandırdı. İmam Əli (ə) bu xeyir işlərin əksəriyyətini demək olar gizli görərdi. Deyirlər ki, İmam Əli (ə) üzünü gizlədərək sədəqə verər, aclara yemək ehsan edərdi. Tarixdə hətta deyilir ki, İmam Əli (ə) zərbətlənən gün əksər evsiz-eşiksiz və yetimlər bildilər ki, gecələr onlara yemək-içmək gətirən şəxs məhz İmam Əli (ə) idi. Əbəs yerə İmam Əliyə (ə) “yetimlər atası” demirlər...
...Bu şeyləri göz önümdə canlandırdığım bir vaxtda dilənçi qadın (biraz aralıda diləndiyini görmüşdüm) mənə yaxınlaşıb dedi: “Bu yalançıdır, ayaqqabısı da var, kurtkası da. Bu cür yolla insanları aldadırlar. Ayaq yalın bir uşağı görən əksər insanlar bunlara aldanaraq pul verirlər...”
Bu sözü eşidəndə, sanki məndə sevinc hissi yarandı. İlk dəfəydi bir anlıq olaraq aldanmağıma sevinirdim. Əlbəttə qadının bu sözlərinə də tam olaraq inanmadım. Lakin həyatımda ilk dəfə bir uşaq tərəfindən aldanmağımı istəyirdim. Dedim ki, təki bu qadının dedikləri düz olsun və bu uşaq da ayaqqabılarını bir az sonra geyinsin. Təki bu uşaq “dilənçi mafia”sı tərəfindən zorla ayaqqabısız diləndirilənlərdən olmasın...
Bu yerdə, Allahdan zamanın sahibi - Həzrəti Məhdinin (ə.f) zühurunun təcil etməsini istəyirəm. Çünki, zülm dünyanı bürüdüyü günlərin birində, o Həzrət mütləq zühur edəcək. Zülmkarlar məğlub ediləcək, ədalət bərpa olunacaq. Ayaqqabısız, paltarsız ac uşaqların üzü güləcək – çünki, onlar zühurdan sonra heç vaxt ayaqqabısız, paltarsız olmayacaqlar və aclıq nədir bilməyəcəklər. Zühurdan öncə qəlbisınıq yetimlər İmam (ə.f) gələndən sonra özlərini sahibsiz, yetim bilməyəcəklər.
İnşəllah Allah Təala o günü tezləşdirsin!
P.S. Bütün ölkələrdə demək olar ki, dilənçilər var. Amma məhz uşaqların diləndirilməsi və ya məcburiyyətdən dilənməsi bu məsələnin ən acınacaqlı halıdır. /islamazeri/
Ramin Bayramov