İQNA – İslam ölkələri ayrı-ayrı bəyanatlar yayaraq, Kolumbiyanın işğal olunmuş Qolan təpələri üzərində sionist rejiminin suverenliyini tanımasını pisləyiblər.
"İQNA"-nın "əl-Ərəbi əl-Cədid" xəbər saytına istinadən verdiyi məlumata görə, Misir, Türkiyə, Küveyt, İordaniya, Səudiyyə Ərəbistanı və Fələstin Muxtariyyəti ayrı-ayrı bəyanatlarla Kolumbiyanın işğal olunmuş Suriya Qolanı üzərində sionist rejiminin hakimiyyətini tanımasını qınayıblar.
Misir Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Kolumbiya hökumətinin işğal olunmuş Suriya Qolanını İsrail torpağının bir hissəsi kimi tanımasını kəskin şəkildə pisləyib və əlavə edib: "Bu addım beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir və Suriyanın hüquqlarına zərər vurur".
Bəyanatda qeyd olunur ki, sözügedən qərar bu bölgə ilə bağlı beynəlxalq qanunlar və qətnamələrlə ziddiyyət təşkil edir, Suriya dövlətinin öz bütün əraziləri ilə bağlı qanuni və sabit hüquqlarına xələl gətirir, habelə bu ölkənin suverenliyinin və ərazi bütövlüyünün pozulmasıdır.
Misir Xarici İşlər Nazirliyi həmçinin sionist ordusunun işğal olunmuş Qolandan geri çəkilməsinin vacibliyini vurğulayaraq əlavə edib ki, işğalın gücləndirilməsi və ya bu bölgənin ilhaqının qanuniləşdirilməsinə cəhdin heç bir hüquqi əsası və nəticəsi yoxdur.
Misirin diplomatik qurumu Suriyanın suverenliyini, bütövlüyünü və Qolan üzərində hakimiyyət hüququnu bir daha vurğulayaraq, Təl-Əvivdən beynəlxalq qanunlara və BMT Nizamnaməsinə hörmət etməyi tələb edib.
Türkiyə Xarici İşlər Nazirliyi də Kolumbiyanın Suriyanın Qolan təpələri üzərində İsrail rejiminin suverenliyini tanımasını pisləyərək, bunu sionist rejiminin Suriya torpaqlarını işğalına legitimlik qazandırmaq cəhdi kimi qiymətləndirib.
Türkiyə Xarici İşlər Nazirliyi Qolan təpələrini Suriyanın ayrılmaz hissəsi elan edib və Kolumbiyanın bu addımını beynəlxalq hüququn, xüsusən də BMT Təhlükəsizlik Şurasının 497 saylı qətnaməsinin açıq-aşkar pozulması adlandırıb.
Ankara beynəlxalq ictimaiyyəti İsrailin Qolan təpələri də daxil olmaqla Suriyanın cənubunu işğalına və bu rejimin Suriyanın suverenliyinə və sabitliyinə qarşı hücumlarına son qoymaq üçün lazımi addımlar atmağa çağırıb.
Küveyt hökuməti də Kolumbiyanın işğal olunmuş Suriya Qolan təpələri üzərində sionist rejiminin suverenliyini tanımasını pisləyərək bildirib: "Bu addım beynəlxalq hüququ və beynəlxalq qətnamələri, xüsusən də BMT Təhlükəsizlik Şurasının 1981-ci il tarixli 497 saylı qətnaməsini pozur".
Küveyt Xarici İşlər Nazirliyi bir daha Küveytin Qolan təpələrinin işğal olunmuş Suriya torpağı olması ilə bağlı mövqeyini təsdiqləyib və işğalı sabitləşdirmək və ya ona legitimlik qazandırmaq məqsədi daşıyan hər hansı qərara qarşı çıxdığını bildirib.
Bəyanatda BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, torpaqların güc tətbiqi ilə ələ keçirilməsinin yolverilməzliyi prinsipi vurğulanıb.
Fələstin Muxtariyyəti də Kolumbiyanın işğal olunmuş Suriya Qolanı üzərində İsrail rejiminin suverenliyini tanımasını pisləyərək bildirib: "Biz bu addımı beynəlxalq hüququn açıq şəkildə pozulması və işğalçı İsrail rejiminin siyasətlərinə qəbuledilməz tərəfkeşlik hesab edirik".
İordaniya da Kolumbiyanın işğal olunmuş Suriya Qolan təpələri üzərində sionist rejiminin suverenliyini tanımasını pisləyib.
İordaniyanın "əl-Məmləkə" kanalının məlumatına görə, bu ölkənin Xarici İşlər və Mühacirlər Nazirliyinin sözçüsü Fuad Məcali Kolumbiyanın bəyanatını beynəlxalq qanunlara və beynəlxalq qətnamələrə zidd hesab edərək, onu pisləyib.
İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 1981-ci il tarixli 497 saylı qətnaməsinə əsasən, işğal olunmuş Qolan təpələri Suriya Ərəb Respublikası torpaqlarının ayrılmaz hissəsidir.
Bundan əvvəl də İraq və Suriyanın müvəqqəti hökuməti Kolumbiyanın işğal olunmuş Suriya Qolan təpələri üzərində İsrail rejiminin suverenliyini tanımasını kəskin şəkildə pisləmişdi.
2019-cu ildə ABŞ-dan sonra Kolumbiya Təl-Əviv rejiminin işğal olunmuş Suriya Qolanı üzərində suverenliyini tanıyan ikinci ölkədir.
Sionist rejimi 90-cı illərdən bəri Suriyanın Qolan bölgəsini işğal edib və orada hərbi bazalar, infrastruktur və sionist məskunlaşma məntəqələri yaradıb.
BMT-nin işğal olunmuş Qolanı Suriya torpağının bir hissəsi hesab etməsinə baxmayaraq, ABŞ prezidenti Donald Tramp özünün birinci prezidentlik dövründə bu bölgəni işğalçı İsrail rejiminin ərazisinin bir hissəsi kimi tanıdığını bəyan etmişdi.
4369383