Fələstin Əsirləri Araşdırma Mərkəzi İsrail rejimi qüvvələrinin aprel ayı ərzində 360 fələstinlini saxladığını açıqlayıb.
Felestin.info "Palinfo"-ya istinadla xəbər verir ki, mərkəz dünən məsələ ilə bağlı yaydığı hesabatda keçən ay işğalçı qüvvələrin nəzarətə aldığı fələstinlilərdən 61-nin 18 yaşa çatmamış, 4-nün qadın olduğunu bildirib.
İsrail qüvvələrinin yaralandıqdan sonra nəzarətə götürdüyü Kalkiliya şəhəri sakinlərindən 20 yaşlı Ömər Avni Yunusun şəhid olmasıyla əsir hərəkatı şəhidlərinin sayının 219-a yüksəldiyi qeyd edilib.
Hesabatda, həmçinin işğalçı qüvvələrinin apreldə 73 inzibati həbs cəzası qərarı verdiyi, bu qərarlardan 18-nin yenidən saxlanılan keçmiş məhbuslar haqda verildiyi bildirilib.
Fələstin Əsirləri Araşdırma Mərkəzi hesabatda apreldə verilən inzibati həbs cəzalarının qalanının mövcud inzibati həbs cəzalarının 2-6 ay uzadılması istiqamətində verilən qərarlar olduğunu diqqətə çatdırıb.