İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynin Ali-Xəlifə rejiminin təhlükəsizlik məmurları şiə ruhanisi Şeyx Səid Üsfuru Aşura əzadarlığı mərasimində iştirak etməsi bəhanəsi ilə həbs ediblər.
Bəhreynin Milli Vifaq İslam Cəmiyyətinin sosial şəbəkələrdə bu barədə paylaşdığı məlumatda deyilir ki, Ali-Xəlifə rejiminin məmurları Şeyx Üsfur ilə birlikdə Həmd şəhərinin "Hüseyni heyəti"nin rəisi Seyid Cavad Əsədi də saxlayıblar.
Milli Vifaq İslam Cəmiyyətinin məlumatına görə Ali-Xəlifə məmurları Aşura günü əzadarlıq mərasimində aktiv iştirak etdikləri üçün digər altı nəfər şiəni də həbsə alıblar.
Ali-Xəlifə rejimi bildirib ki, Aşura mərasimində həbs edilənlər istintaq müddəti başa çatıncaya qədər həbsdə saxlanılacaqlar.
Qeyd edək ki, Ali-Xəlifə rejiminin təhlükəsizlik muzdurları hər il Məhərrəm ayında şiələri öz məzhəbi ayinlərində iştirak etdikləri üçün həbs və təqib edirlər.