IQNA

9:24 - July 30, 2021
Xəbər sayı: 3490399
“Həqiqətən, sizin rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir.” (“Maidə”/55.) - bu ayənin İmam Əli (ə) barədə nazil olduğunu hamı deyib.

İslam tarixindən də məlum olduğu kimi, imamət və vilayət məsələsi ilahi bir olaydır. Allahın Rəsulu (s) Əmirəlmöminini (ə) öz şəxsi mülahizələrinə əsasən seçməmişdir. Hərçənd, bütün şəxsi götür-qoy və mülahizələr də hər bir insanı son nəticədə Peyğəmbərin (s) yeganə canişininin məhz Həzrət Əli (ə) olduğu qənaətinə gətirib çatdırır. Lakin Peyğəmbərin (s) atdığı bu addım ilahi bir addım idi; Allahın əmrinə əsaslanırdı.

Besətin ilk dövrlərində Allahın Rəsulu (s) Məkkədə özünü müxtəlif ərəb qəbilələrinə tanıtdırıb İslam dinini onlara təqdim edəndə (bu hicrətdən əvvəlki dövrə – besətin əvvəllərinə aid olan ətraflı bir mövzudur), bir-bir qəbilələrə gedəndə tarixdə adı dəqiq məlum olan bir qəbilənin başçısı (bunlar tarixdə konkretləşmiş hadisələrdir; burada şiə-sünni məsələsi rol oynamır, əhli-sünnədən olan qardaşlarımızın özləri də bu barədə nəql etmişlər) Peyğəmbərə (s) deyir ki, biz hamılıqla İslama iman gətirməyə hazırıq, amma bir şərtimiz var. Şərtimiz də budur ki, səndən sonra bu iş bizə həvalə olunmalı, bizim qəbiləmizin başçısı sənin canişinin olmalıdır. Tarixdə göstərilir ki, Peyğəmbər (s) həmin şəxsə belə cavab vermişdir: “Xeyr! هذا امر سماوىّ – Bu, mənim səlahiyyətim daxilində olmayan bir məsələdir. Bu, səmavi bir işdir, Allah-Taalanın ixtiyarındadır.”

Həmin qəbilə iman gətirməyib çıxıb getmişdir. Demək ki, Peyğəmbərin (s) yerinə canişinin təyin olunması məsələsi, əslində, ilahi vəhyə, Tanrının iradəsinə əsaslanan bir mövzudur. Bu mühüm məsələdə heç Peyğəmbərin (s) özünün də rolu olmayıb. Lakin əgər Allah Rəsulunun (s) özü seçim etmək istəsəydi, kimi seçməli idi? Kəramətli Peyğəmbərimizin (s) seçimini üzərində saxladığı insan, təbii ki, İslam dininin başlıca meyarlarını mükəmməl dərəcədə özündə əks etdirən bir insan olmalıdır.

Dünyadakı bütün müsəlmanlar Əmirəlmömininin (ə) şəxsi keyfiyyətlərini ölçüb-biçsinlər (düzdür, bəzi başqa səhabələrin fəzilətləri barədə də hədislər nəql olunub), onları İslamın meyarları ilə yanaşı qoyub öz-özlüyündə götür-qoy etsinlər, bütün bu keyfiyyətləri Quranla, sünnə ilə birbaşa müqayisə etsinlər və görsünlər ki, kim daha layiqlidir. Əmirəlmömininin (ə) elmini götürsək (elm də öz növbəsində meyarlardan biridir), bütün müsəlmanların – şiə və sünni olmasından asılı olmayaraq – nəql etdiyi rəvayətlərə görə, əziz İslam Peyğəmbəri (s) Həzrət Əlinin (ə) elmi barədə belə buyururdu:

انا مدينة العلم و علىّ بابها

“Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır.” (“İhticac”, c.1, səh.78.)

Bundan da böyük sübut nə ola bilər? Əmirəlmömininin (ə) cihadı barədə isə Uca Yaradan:  و من النّاس من يشرى نفسه ابتغاء مرضات اللَّه“İnsanlardan eləsi var ki, Allahın razılığı üçün öz canını satır.” (“Bəqərə” surəsi, ayə 207.) – deyə buyurur; yəni Əmirəlmömininin (ə) cihadda iştirakı, onun fədakarlığı barədə ayrıca ayə nazil olub. Bu ayə başqa heç bir şəxs haqqında nazil olmayıb.

Əmirəlmömininin (ə) səxavəti barədə isə belə buyurulur:

و يطعمون الطّعام على حبّه مسكينا و يتيما و اسيرا

“Onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər.” (“İnsan” surəsi, ayə 8.)

Həzrət Əli (ə) və onun kəramətli ailə üzvlərinə belə bir ayə də şamil olunur:

انّما وليّكم اللَّه و رسوله و الّذين امنوا الّذين يقيمون الصّلاة و يؤتون الزّكاة و هم راكعون

“Həqiqətən, sizin rəhbəriniz yalnız Allah, Onun Peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir.” (“Maidə” surəsi, ayə 55.)

Bu ayənin Əmirəlmöminin (ə) barədə nazil olduğunu hamı qeyd edib.

Bütün bu meyarlar – təqva, səxavət, fədakarlıq, cihad və İslam dinində seçilmiş, üstün bir şəxsiyyətin göstəriciləri kimi müəyyən edilmiş digər meyarların hər biri bütünlüklə Əmirəlmömininin (ə) şəxsiyyətində öz əksini tapır. Bütün bu xüsusiyyətlərin Həzrət Əli ibn Əbu Talibdə (ə) olduğunu kim inkar edə bilər? (Ali Rəhbər Ayətullah Xameneinin mübarək Qədir-Xum bayramında xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşündə etdiyi çıxışdan bir hissə – 6 /12/ 2009.)

Maide.az – Maarif bölümü

Ad:
E-poçt:
* Comment:
* captcha: