IQNA

Təfsir: Bəqərə, 186.

Allahın bağışlamasına və maddi sıxıntıları aradan qaldırmasına ümidli olmaq

16:38 - August 14, 2021
Xəbər sayı: 3490519
Dua etmək Allahın səxavət qapılarının klidi, hər bir istəyə çatmağın vasitəsi və Allahın nemət və rəhmət qapısıdır. Allahın yanında bir çox rəhmət və nemətlər var ki, ancaq dua ilə əldə edilə bilər.

Allah-Taala Qurani-Kərimin mübarək Bəqərə surəsinin 186-cı ayəsində Özünün insanlara çox yaxın olduğunu, dua edənləri eşitdiyini və Özünün də duaları qəbul edən olduğunu vurğulayaraq buyurur:

 وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيب، أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ، فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ

"(Ya Rəsulum!) Bəndələrim Məni(m onlara uzaq və yaxın olmağım barədə) səndən soruşduqda (onlara) söylə ki, Mən (onlara) yaxınam. Onlardan biri dua edib Məni çağırdıqda dualarını qəbul edərəm (onun çağırışına cavab verərəm. (Bu şərtlə ki,) Gərək onlar da Mənim çağırışımı qəbul etsinlər, Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər."

Duanın həqiqətini və ruhunu tanımayanlar, duanın tərbiyəvi və psixoloji (rəvani) təsirlərini bilməyənlər həmişə dua məsələsinə müxtəlif iradlar edirlər:

Gah deyirlər ki, dua uyuşdurucudur, insanı iş və fəaliyyətdən və inkişafdan saxlayır, tənbəlləşdirir. Nə üçün insanları inkişaf amillərinə yönəltmək yerinə duaya yönəldirsiniz, onları gündəlik fəaliyyətdən saxlayıb dua etməyə təşviq edirsiniz?!

Gah deyirlər ki, ümumiyyətlə dua etmək Allahın işinə müdaxilə etməkdir. Allah hər nəyi məsləhət bilsə, o olacaq. O bizi sevir və bizim məsləhətimizə olanı bizdən daha yaxşı bilir. Buna görə də biz nə üçün hər saatda öz istəyimə uyğun olan bir şeyi Allahdan istəməliyik?

Bəzən də deyirlər ki, dua etmək "təslim" və "rza" məqamı ilə, yəni Allahın əmr və iradəsinin qarşısında təslim olmaq və Onun istəklərinə razı olmaq məqamı ilə ziddir.

Bu cür iddiları edən insanlar duanın, Allahla razü-niyaz etməyin fərdi, ictimai, psixoloji, tərbiyəvi və mənəvi təsirlərindən xəbərsizdirlər. Çünki insanın öz arzularını həyata keçirmək, narahatçılıqlarını ortadan götürmək və iradəsini gücləndirmək üçün möhkəm bir dayağa ehtiyacı var. Dua insanı yenilməz qüdrət və qüvvət sahibi olan Allaha bağlayır və insanın qəlbində ümid nurunu şölələndirir. Duadan uzaq düşən insanlar isə müxtəlif arzuolunmaz prsixoloji və sosioloji əks reaksiyalara düçar olurlar.

Allah-Taala dəfələrlə Qurani-Kərimdə Özü ilə bəndələri arasında əlaqə və rabitə vasitələrindən birinin dua və münacat olduğuna işarə edib. Bəhs etdiyimiz bu ayədə də (Bəqərə/186) Allah-Taala ilə münacat etmək istəyən hərə kəs üçün ümumi bir proqram bəyan edib.

Əvvəlcə peyğəmbərini (s) müxatəb qərar verərək buyurur ki, Məni soruşanlara onlara təsəvvür edə bildiklərindən çox yaxın olduğumu söylə. Onlara bildir ki, Mən onlara boyunlarının şah damarından daha yaxınam (Qaf, 16). Dua etdikləri zaman Məni çağırdıqlarını eşidirəm. Bunları bildirdikdən sonra isə qəbul şərtini açıqlayır və buyurur ki, dualarının qəbul edilməsini istəyirlərsə, Mənə iman gətirsinlər. Bu halda doğru yolu tapmalarına və məqsədə çatmalarına ümid var.

Çox maraqlıdır ki, kiçik bir ayədə Allah-Taala yeddi dəfə öz müqəddə zatına işarə edir və yeddi dəfə də bəndələrinə. Bununla da Allah və bəndə arasında olan yaxınlıq və əlaqənin ən yüksək səviyyədə və sonsuz olduğunu önə çəkir.

İmam Sadiq (ə) bir hədisdə buyurur ki, "çox dua edin. Dua etmək Allahın səxavət və bəxşiş qapılarının klidi, hər bir istəyə çatmağın vasitəsi və Allahın nemət və rəhmət qapısıdır. Allahın yanında bir çox rəhmət və nemətlər var ki, ancaq dua ilə əldə edilə bilər. Və agah olun ki, döydüyünüz hər qapı sonunda açılacaqdır." (əl-Kafi, c.2, s.468).

Bəli, O, bizə çox yaxındır. Necə ola bilər bizdən uzaq olsun, madam ki, Onun yeri bizimlə qəlbimiz arasındadır (Ənfal, 24).

Biz Onunla yaxınlaşdıqca cəmiyyətdən uzaqlaşacaq (yəni bizi cəmiyyətə bağlayan nəfsani istəklərdən uzaqlaşacayıq və cəmiyyətə yaxınlığımız Allah üçün olacaq, harada Allahı görsək bizdə orada olacayıq), hüzura yetişəcəyik, ruhumuzda hüzur verən bir sakitlik olacaq, Allahla münacatın şirinliyin duyacayıq. Buna görə də Allahla ünsiyyətimizi namaz, etikaf, oruc, gecə yarısı münacat və dua ilə gücləndirməliyik. /iqna

captcha