IQNA

Anım Gününü və Ərbəini yüksək ehtiramla qeyd edən xalqımıza Allah əcr versin

8:25 - September 28, 2021
Xəbər sayı: 3490835
Sentyabr ayının 23-də Bakının “Təzə Pir” məscidində “Anım Günü” və Ərbəin münasibətilə keçirilən tədbirdə Bütün Qafqazın Şeyxi, Hacı Allahşükür Paşazadə çıxış edib.
Sentyabr ayının 23-də Bakının “Təzə Pir” məscidində “Anım Günü” və Ərbəin münasibətilə keçirilən tədbirdə Bütün Qafqazın Şeyxi, Hacı Allahşükür Paşazadə çıxış edib.
Bütün Qafqazın Şeyxi deyib: ”Bizim Vətən müharibəmiz, qələbəmiz qlobal əhəmiyyətli, dünya siyasətinin gedişatına təsir edən, yeni düzən yaradan bir zəfərdir — haqqın, ədalətin şər üzərində qələbəsidir. Bu, İslam ümməti adına böyük qələbədir. Qardaş Türkiyə dövlətinin siyasi-mənəvi dəstəyi, dost yardımı, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladıqları Şuşa Bəyannaməsi tarixdə qalacaq əsl qardaşlıq örnəyidir. Fürsətdən istifadə edərək, Vətən mücadiləmizdə bizə dəstək verən, haqqımızı müdafiə edən istər müsəlman, istər xristian dövlətlərinə, dost, qardaş ölkələrə bir daha minnətdarlığımızı ifadə etmək istərdim.
Dindarlarımız, xüsusən, din xadimlərimiz həmin mübarək, taleyüklü günlərdə gecəli-gündüzlü xalqın yanında oldular, əsgərlərimizə, onların ailə və yaxınlarına dini-mənəvi xidmət göstərdilər. Bu, bizim din xadimi olaraq mənəvi vəzifəmiz, vətəndaşlıq borcumuzdur və biz bu vəzifəmizi hər zamankı kimi layiqli şəkildə həyata keçirdik. Din xadimlərimiz sırasında öz vəzifə borcunu yerinə yetirərkən şəhid olanlar oldular. Fəxarətdoğurucu haldır ki, möhtərəm dövlət başçımız İlham Əliyev cənabları mədəniyyət mərkəzimiz Şuşanın Cıdır düzündə etdiyi tarixi çıxış zamanı Azərbaycan dindarlarının Vətən müharibəsində qazanılan Zəfərdə töhfəsini xüsusi qeyd etdi.
QMİ sədri deyib ki, bu gün İslam tarixində böyük önəmi olan bir gün – şəhidlik məktəbinin ali nümayəndəsi Həzrəti Hüseyn əleyhissəlamın şəhadətinin 40-cı günü – Ərbəin qeyd olunur. Bu günün özəlliyi və əhəmiyyəti 1400 ilə yaxın müddət ərzində ümmətin yaddaşında qorunub saxlanılan, iman və ədalət uğrunda şəhidliyə hazır olmağın rəmzi kimi yad edilməsindədir. Bu fəlsəfəni gözəl dərk edən və ona dəyər verən xalqımız bu ilki Ərbəini tarixinin möhtəşəm ildönümü günündə qeyd edir. Vətən şəhidlərimizin Anım gününün məhz bu tarixə təsadüf etməsinin özündə də bir ilahi hikmət vardır. Zəfəri bizə bəxş edən şərafətli şəhidlərimizin anaları başlarını dik tutsunlar, Vətən onların Allahın cənnətinə ucalmış övladları ilə fəxr edir, qürur duyur. Müqəddəs Kitabımızda buyurulduğu kimi: “Allah yolunda şəhid olanları əsla ölü zənn etməyin! Əksinə, onlar diridirlər və onlara Rəbbinin cənnət ruzilərindən əta olunur” (Ali-İmran, 169)
Bu gün Vətən müharibəmizin Anım gününü – birinci ildönümünü və Ərbəini yüksək ehtiramla qeyd edən xalqımıza Allah əcr versin! Kərbəla şəhidlərinə, Vətən şəhidlərinə Allah-Təala rəhmət eləsin! Uca Allah hər zaman xalqımıza yardımçı olsun, müdrik dövlət rəhbərimizi və Azərbaycanımızı qorusun, qəhrəman Ordumuzu və dövlətimizi müzəffər qərar versin! Amin!” / Şəfəqna
captcha