IQNA

Allahla edilən ticarət, ən gəlirli ticarətdir

17:27 - August 22, 2022
Xəbər sayı: 3492773
İnsanın bu dünyada fürsəti çox az olduğu üçün ticarətdə və digər işlərdə həmişə ən yaxşı və ən sərfəli yolu seçməyə çalışır. Qurani-Kərimdə Allahla ticarət ən gəlirli ticarət kimi tanıtdırılır.

İnsanların iki növ ticarəti ola bilər ki, biri bir-biri ilə edilən maddi ticarət və digəri Allahla edilən mənəvi ticarətdir. Mənəvi ticarətdə insan Allah yolunda pul xərcləyir və ya borc verir ki, bunun nəticəsi təkcə axirətdə deyil, həm də dünyada mal-dövlətinin artması və bərəkətli olması ilə nəticələnir. Ona görə də insan Allahla ticarətdə uduzduğunu düşünməməlidir. Zahirdə belə görünsə də, batində və həqiqətdə həqiqi qazanan şəxs o şəxsdir ki, Allahla ticarət edir.

Allahla xeyriyyə işləri şəklində edilən ticarət zərərsiz və məhdudiyyətsiz bir ticarətdir. Onun təsiri və bərəkəti həmişə qalacaqdır. Necə ki, buyurur: "Allahın Kitabını oxuyan, namaz qılan, özlərinə verdiyimiz ruzilərdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər kasad olmayacaq bir ticarətə ümidvardırlar" (Fatir, 29).

Allah yolunda çalışmaq səhnəsində mal və canla Allah yolunda ticarət etmək də insanları dünya və axirət əzablarından xilas edən, cənnətə və əbədi səadətə çatdıran bir ticarətdir. Necə ki, buyurur: "Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? (O qazanc yolu budur:) Allaha və Onun Peyğəmbərinə iman gətirər. Allah yolunda malınız və canınızla vuruşarsınız (cihad edərsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! (Əgər belə etsəniz) O sizin günahlarınızı bağışlayar və sizi (ağacları) altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl saraylara daxil edər. Bu, böyük qurtuluşdur (uğurdur)!" (Səff, 10-12).

Ona görə də insan iş ortağı seçimində diqqətli olmalıdır. Hər kəslə iş görməməlidir. Ağıllı iş adamının ona getdikcə daha yaxşı gəlir verən biri ilə ticarət etməyə çalışdığı kimi, Allahla ticarət etməlidir ki, dünya və axirət mənfəəti zəmanətlidir. Odur ki, kiçik bir dünyəvi mənfəət insanı əsas mənfəətdən, xoşbəxtlikdən, rahatlıqdan və aramlıqdan əl çəkməsinə səbəb olmamalıdır.

captcha