Ölüm bir gün mütləq gələcək və ondan qaçmaq mümkün olmayan bir həqiqətdir. Necə ki, Allah Qurani-Kərimdə buyurmuşdur: “Hər bir nəfs (hər bir canlı) ölümü dadacaqdır. Sonra da (qiyamət günü) hüzurumuza qaytarılacaqsınız!” (Ənkəbut, 57).
Ölümlə necə davranmağımız dünyagörüşümüzdən və həyat tərzimizdən asılıdır. Bəziləri ölümü xoşlayır, bəziləri isə ondan qorxur.
Biz ölümdən ona görə qorxuruq ki, aradan gedən şeylərlə məşğuluq. Gec-tez bitəcək və yoxa çıxanda xəyallarımız da bitəcək işlərlə məşğuluq. Ona görə də biz çalışmalıyıq ki, qalıcı və əbədi məsələlərə nail olaq.
Yüz, iki yüz il yaşayacağımızı fərz etsək belə, yüz və ya iki yüz il üçün plan tökmək belə zərərdir. Çünki biz əbədi həyat və əbədi xoşbəxtlik axtarmalıyıq.
Planlarımız dünyanın bu bir neçə onilliyinə aid olanda, uduzacağımız və mütləq ölümdən qorxacağımız aydındır. Çünki müddətimiz bitəcək və əllərimiz boş qalacaq. Amma əgər baxışımız əbədi həyata çatmaq olsa, biz ölümdən nəinki qorxmayacağıq, hətta ona çatmağa can atacağıq.
Axirətimiz üçün proqram tökməyimizin zəruri olmasının mənası bu deyil ki, həyat və dünya məsələlərindən əl çəkək. Həqiqətdə, həyatda məqsədimizi tapmalı və bilməliyik ki, bu dünya məqsəd deyil, son hədəfə çatmaq üçün bir vasitədir.
Bir nəfər Peyğəmbərin (s) yanına gəlib dedi: Mən ölümdən qorxuram və ona nifrət edirəm. İslam Peyğəmbəri (s) buyurdu: “Sənin malın varmı? Dedi: Bəli. Həzrət Peyğəmbər (s) buyurdu: Ölümündən sonrakı həyatın üçün Allah yolunda bir şey verdinmi? Dedi: Xeyr. Buyurdu: Ona görə qorxursan, çünki bu sənin canına bağlı olub.
Unutmaq olmaz ki, bu dünya axirətə çatmaq üçün bir müqəddimədir. Odur ki, etdiyimiz hər şey Allah rizası üçün olmalıdır. Bu halda bütün hərəkət və davranışlarımız axirətdə daha gözəl bir həyat qurmaq üçün ibadət və sərmayə olacaqdır.