IQNA

Əbdülfəttah Şəşai – Misirdə qiraət sənətinin sütunu

11:16 - November 12, 2025
Xəbər sayı: 3499201
İQNA - Şeyx Əbdülfəttah Şəşai, xüşu dolu qiraəti və təcvid elminə yüksək bələdliyi sayəsində “qiraət sənətinin sütunu” kimi tanınan böyük misirli qarilərdəndir.

 

“İQNA”-nın “Sədyul-Bələdə istinadən verdiyi xəbərə görə, 11 noyabr Misirin böyük Quran qarisı, səsinin şirinliyi və ruhi təsiri ilə İslam aləminin qəlbində yer tutmuş Şeyx Əbdülfəttah Şəşainin vəfat ildönümüdür.

Şeyx Əbdülfəttah Şəşai 1890-cı ilin 21 martında Misirin Menufiyyə vilayətinin Şəşa kəndində anadan olub. O, müqəddəs Quranı atasının – Şeyx Mahmud Şəşainin yanında, 10 yaşına çatmadan əzbərləmiş və 1900-cü ildə Quran hifzini başa vurmuşdur.

Daha sonra Tantadakı Əhmədi məscidinə gedərək ənənəvi üsulla təcvid elmini öyrənmiş, qiraəti isə görkəmli alimlər – Şeyx Bəyumi və Şeyx Əli Səbiə yanında mükəmməl şəkildə mənimsəmişdir. Sonra Qahirənin “Dərb əl-Əhmər” məhəlləsinə köçmüşdür.

Elə orada onun taleyi parlamış, Şeyx Məhəmməd Rəfət, Şeyx Əli Mahmud və Şeyx Əhməd Nəda kimi qiraət nəhəngləri arasında məşhurlaşmışdır.

Onun əsl şöhrəti isə İmam Hüseynin (ə) mövludu mərasiminin bağlanış gecəsində, tanınmış qarilərlə birlikdə qiraət etdiyi zaman başlamışdır. Hər kəs onun səsinin şirinliyinə və qiraətindəki xüşuya valeh olmuşdu. Bu andan etibarən onun adı Quran qiraəti dünyasında parladı və sədası bütün ərəb və İslam aləmində eşidildi. O, xüşu ilə mükəmməl qiraəti birləşdirən üslubu ilə fərqlənirdi və buna görə “qiraət sənətinin sütunu” ləqəbini aldı.

Fəaliyyətinin əvvəlində dini təranələr (təvəşşih və ibtihal) ifa edən bir qrup yaratmışdı. Lakin 1930-cu ildə boğaz xəstəliyinə tutulduqdan sonra qərara aldı ki, bütünlüklə Quran qiraətinə yönəlsin və təranələrdən uzaqlaşsın. Buna baxmayaraq, o, həmin qrupdakı dostlarına sadiq qaldı və onların vəfatınadək hər ay onlara maaş verirdi.

Şeyx Şəşai uzun müddət mikrofon qarşısında qiraət etməyi haram hesab etdiyindən bundan imtina edirdi. Lakin 1934-cü ildə bunun caiz olduğuna dair fətva verildikdən sonra o, Misir radiosuna qoşuldu. Şeyx Məhəmməd Rəfətdən sonra radionun ikinci qarisi oldu və illik 500 misir funtu məvacib alırdı.

O, radio üçün 400-dən çox qiraət lentə almışdır ki, bu qiraətlər bu günə qədər Misir radiosunda yayımlanır. 1939-cu ildə Şeyx Şə’şai Qahirədəki “Seyyidə Nəfisə” və “Seyyidə Zeynəb” məscidlərinin qarisi təyin edildi.

Şeyx Əbdülfəttah Şəşai Misirdən kənarda da Quran tilavət etmiş və 1948-ci ildə Arafə günündə ilk dəfə Məscidül-Həram və Məscidün-Nəbəvidə Quranı məscidlərin səsucaldanları vasitəsilə oxuyan şəxs olmuşdur. O, 1954-cü ildə İraqa səfər etmiş, 1958 və 1961-ci illərdə bu səfərləri təkrar edərək oradakı böyük İslam məclislərində Quran qiraət etmişdir.

Şeyx Şəşai, Misir Vəqflər Nazirliyindən Quran xidmətlərinə görə bir çox mükafatlar almış, 1990-cı ildə isə Quran qiraətinə görə “Elmlər və İncəsənət” birinci dərəcəli nişanı ilə təltif edilmişdir.

Zərif və təvazökar şəxsiyyəti ilə tanınan bu böyük qari dini və mədəni çevrələrdə çoxlu dostlar qazanmışdı. O, dini dəyərləri sənət və mədəniyyətlə birləşdirən saf sənətin simvolu idi.

Şeyx Şəşai Misirin görkəmli liderləri – Səd Zəğlul, Ədli Yəkən və Məhəmməd Mahmud Paşanın cənazə mərasimlərində Quran oxumuş, adı ölkənin mühüm milli hadisələri ilə bağlı çəkilmişdir.

O, bütün ömrünü Qurana xidmətə həsr etdi və 11 noyabr 1962-ci ildə, 72 yaşında vəfat etdi. Ondan zəngin səs irsi və onun yolunu davam etdirən oğlu – Şeyx İbrahim Şə’şai qaldı.

Şeyx Əbdülfəttah Şəşai hələ də Misir qiraət məktəbinin ölməz simvolu, Quran xidmətində ixlas nümunəsi kimi yaddaşlarda yaşayır. O, sadəcə bir qari deyildi – o, təkrarsız mənəvi bir məktəb idi. Onun səsi qəlblərə sakitlik bəxş edir və bu gün də məscidlərdə səslənən qiraətləri insanlara ruhi aramlıq gətirir.

Aşağıda Şeyx Əbdülfəttah Şəşainin 1958-ci ildə Qahirədəki Abidin sarayında Ramazan hilalının müşahidəsi mərasimində etdiyi yeganə mövcud videoqiraətini izləyə bilərsiniz.

kod

4316196

Teqlər: misir ، qiraət ، qari ، İslam
captcha