“Arabi 21”-in xəbərinə görə, assosiasiyaya üzv olan bəzi klubların təqdim edib dəstəklədiyi bu təklif İsrail Futbol Federasiyasının UEFA-nın nizamnaməsinin iki ayrı maddəsini pozduğunu vurğulayır. Bu pozuntulardan biri, Fələstin Futbol Federasiyasının razılığı olmadan işğal olunmuş Fələstin torpaqlarında klubların təşkil edilməsidir.
İkinci pozuntu isə İsrail Futbol Federasiyasının irqçiliyə qarşı effektiv siyasət həyata keçirməməsidir. Təklif həmçinin UEFA-dan üzv federasiyaların müvəqqəti dayandırılması və ya kənarlaşdırılması üçün aydın meyarlar müəyyənləşdirməsini tələb edir.
Məlumata görə, UEFA ötən ayın əvvəlində Qəzza müharibəsinə görə İsrailin Avropa yarışlarından uzaqlaşdırılması barədə səsvermə keçirməyi planlaşdırmışdı. Lakin bu məsələ 10 oktyabrda ABŞ-ın vasitəçiliyi ilə atəşkəsin qüvvəyə minməsindən sonra həyata keçirilmədi.
BMT mütəxəssisləri sentyabr ayında BMT-nin Araşdırma Komissiyasının İsrailin Qəzza müharibəsi zamanı soyqırım törətdiyi qənaətinə gəlməsindən sonra İsrailin beynəlxalq futbol yarışlarından kənarlaşdırılmasını tələb etmişdilər.
Bundan qısa müddət sonra Türkiyə və Norveç futbol federasiyalarının rəhbərləri də İsrailin beynəlxalq yarışlardan məhrum edilməsini istəmişdilər.
İrlandiya Futbol Assosiasiyası şənbə günü keçirdiyi rəsmi səsvermədə UEFA-ya rəsmi məktub göndərmək qərarına gəlib.
Bu ölkə İsrail rejiminin həm milli, həm də klub səviyyəsində bütün Avropa yarışlarından kənarlaşdırılmasını tələb edir.
Məlumata görə, “Bohemians” klubunun təqdim etdiyi bu təklif 74 lehinə, 7 əleyhinə və 2 bitərəf səslə qəbul edilib.
İrlandiya hökuməti Avropa İttifaqında sionist rejimin Qəzzaya hücumunun ən sərt tənqidçilərindən biri olub. Ötən il bu ölkə Fələstin dövlətini rəsmi şəkildə tanıyıb və hazırda işğal olunmuş Fələstin torpaqlarındakı İsrail yaşayış məntəqələri ilə ticarəti məhdudlaşdırmağa çalışır.
4315592