Qurani-Kərimin doxsan ikinci surəsi “Ləyl” adlanır. 21 ayədən ibarət bu surə Quranın 30-cu cüzündə yer alıb. Məkkə surəsi olan “Ləyl” İslam Peyğəmbərinə (s) nazil olan doqquzuncu surədir.
“Ləyl” sözü Quranda 92 dəfə keçir. Bu surənin birinci ayəsində də bu söz qeyd olunur. Allah dünyanı və insanları bürüyən gecəyə and içmişdir; Bu səbəbdən surə “Ləyl” adlanır.
“Ləyl” surəsi iki qrupdan bəhs edir: təqvalı və mərhəmətli bir qrup və xəsis bir qrup.
Birinci qrup, Allah yolunda əta edən təqvalı insanlardır; Onlar mallarını Allahı razı salmaq üçün verməklə nəfslərinin və qəlblərinin paklığını axtarırlar. Quran da onlara Allahın razılığını və qurtuluşunu vəd edir.
İkinci qrup natəmiz qəlbə malikdir; O kəslər ki, xəsislik edib, axirət və cənnəti yalan hesab edirlər. Quran bu insanları məhv etməklə hədələyir; Deyir ki, bu adamlar dünyapərəstlikdən, hərislikdən öz malını başqasına vermir və heç kimə kömək etmir; Halbuki bu mal ölümdən sonra və qiyamət günündə onlara kömək etməyəcək.
Surənin məqsədi insanları xəbərdar etmək və qorxutmaq, insanların səylərinin fərqli olduğunu başa salmaqdır. Bəziləri Allah yolunda əta edir və Allahın vədlərini qəbul edirlər. Bunun müqabilində Allah da onlara dolğun və sevinc dolu bir ömür bəxş edir. Bəziləri isə xəsislik edir və özlərini ehtiyacsız hesab edir və Allahın vədlərini inkar edirlər; Allah da onları bədbəxtliyə sürükləyir.
Əllamə Təbatəbai “Əl-Mizan” təfsirində "Ləyl" surəsinin 12-ci ayəsinə "həqiqətən hidayət etmək bizim vəzifəmizdir" diqqət yetirərək yazır: Hidayət bəzən yolu göstərmək, bəzən də o kəsi məqsədinə çatdırmaq deməkdir. 12-ci ayəyə əsasən, Allahın hidayəti həm birinci məna, həm də ikinci məna ola bilər.
Əgər birinci mənadırsa, insanları ibadətə yönəltmək deməkdir. Çünki insanların yaradılışdan məqsədi Allaha ibadət etməkdir. Amma ikinci mənasıdırsa, insanları pak həyata və əbədi səadətə yetişdirmək və o biri dünyada cənnətə çatdırmaq deməkdir.