Həyanın müxtəlif növləri vardır. Bu fəzilət üç qismə bölünür: Şəxsi, ailə və ictimai.
Fərdi həyanın ən mühüm növü Allah-Təala qarşısında həya etməkdir. İnsan Allah qarşısında həyalı olmalıdır. Təəssüflər olsun ki, bəzi insanlar Allaha qarşı da həya etmirlər. Kimin həyası var? İmam Xomeyninin (rəh) Əhli-beytin (ə) hədislərindən götürülmüş bir cümləsini nəzərinizə çatdırım. O, çox vaxt deyirdi: "Dünya Allahın hüzurundadır, Allahın hüzurunda günah etməyin".
Allahın qarşısında günah etmək həyasızlıqdır. Allah qarşısında başqasını təhqir etmək həyasızlıqdır. Hər halda Allahın qarşısında ədəb-ərkanlı olmağın mənası odur ki, istər gizli, istərsə də aşkarda günah etməyəsən. Tənhalıqda da Allah hazırdır və görür. Aşkarda da Allah hazırdır və görür. Ona görə də Allahın hüzurunda olmaq ədəbinə riayət etmək lazımdır.
Qurani-Kərim buyurur: «يَعْلَمُ خَائِنَةَ الْأَعْيُنِ وَ مَا تُخْفِي الصُّدُورُ» "Allah gözlərin xəyanətini (xain gözləri) və ürəklərin gizlətdiyini biləndir!" (Ğafir,19).
Rəvayətdə oxuyuruq ki, bir nəfər İmam Hüseynin (ə) yanına gəlib dedi: Ey Allah Rəsulunun övladı, mən günah etməyə adət etmişəm və günahdan əl çəkə bilmirəm. Mən nə etməliyəm? İmam Hüseyn (ə) ona ağıl və məntiqlə nəsihət etməyin faydasız olduğunu görüb, onunla hissləri təhrik edərək danışdı. Həzrət buyurdu: "İstəyirsən günah et, amma ondan əvvəl beş şeyi et. Birinci: Əgər günah etsən, Allahın ruzisini yemə! İkincisi: Allahın hökmranlığından çıx və günah et. Üçüncü: Allahın hüzurunda günah etmə. Günah etmək üçün Allahın səni görmədiyi yeri seç. Dördüncü: Ölüm mələyi sənin canınını almağa gələndə qoyma canını alsın. Beşinci: Günah et, amma səni cəhənnəmə aparmaq istədikdə cəhənnəmə girmə!"
İmam Hüseyn (ə) bu nurani kəlamları ilə o şəxsdə Allah-Təala qarşısında həya fəzilətini canlandırmışdır. O imamın məqsədi budur ki, həmin şəxs və bu rəvayət ona çatan hər kəs başa düşsün ki, bu dərəcədə zillətə və acizliyə malik olan bir şəxs Allah-Təalanın onu gördüyünü bilə-bilə necə Allahın hüzurunda nalayiq iş görüb günah işlədə bilər?
İmam Sadiq (ə) səhabələrindən və şiə mühəddislərindən olan İshaq ibn Əmmara buyurdu: "Ey İshaq! Allahdan Onu görürsənmiş kimi qorx. Sən Onu görməsən də O səni görür. Amma Onun səni görmədiyini düşünürsənsə, Onu ən zəif görənlərin sırasına daxil etmisən!".
Fərdi həyanın başqa bir növü də Həzrət Peyğəmbər (s) və İmamlar (ə) qarşısında həyadır. Qurani-Kərim bu məsələdə təkid edir və buyurur:
«اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَ رَسُولُهُ وَ الْمُؤْمِنُونَ وَ سَتُرَدُّونَ إِلى عالِمِ الْغَيْبِ وَ الشَّهادَةِ فَيُنَبِّئُكُمْ بِما کُنتُم تَعمَلون»
"De: “(Ey insanlar, ey tövbəkarlar! İstədiyinizi) edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə etdiklərinizi xəbər verəcəkdir!" (Tövbə, 105).
Bundan əlavə, bir qrup rəvayətə əsasən, bəndələrin yaxşı və pis əməlləri hər gün Əhli-beytə (ə) təqdim edilir. Rəvayət edən deyir: İmam Sadiqdən (ə) eşitdim ki, buyurdu: "Sizə nə olub ki, Peyğəmbəri (s) narahat edir və kədərləndirirsiniz? Bir kişi dedi: Biz o həzrəti necə narahat edirik?!! Buyurdu: Məgər bilmirsiniz ki, sizin əməlləriniz Peyğəmbərə (s) təqdim olunur? Əgər onda bir günah varsa, qəmgin olacaq? Elə isə Peyğəmbərə (s) pislik etməyin və onu saleh əməllərinizlə sevindirin".
Sizi Allaha and verirəm ki, bu rəvayətlərə çox əhəmiyyət verin. Bu həm möcüzədir, həm də Əhli-beytə (ə) sədaqətinin ifadəsidir və həqiqətən də kontroledici bir qüvvədir. Bu rəvayətləri əhəmiyyətsiz olaraq görməyək. Onlara diqqət etmədən və əməl etmədən keçməyək.
Fərdi həyanın digər növlərinə gələn bəhsimizdə işarə edəcəyik.