Ədavət və düşmənçilkdə əməkdaşlıq anlayışı Qurani-Kərimin digər ayələrində də əks olunmuşdur. Məsələn, Peyğəmbərə (s) qarşı birləşmək və ona qarşı kömək etmək ədavətin nümunələrindəndir:
“Əgər siz Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz (bunun sizə faydası olmaz); çünki Allah, Cəbrail, saleh möminlər (yəni Əli ibn Əbi Talib) və bundan sonra mələklər onun yardımçısıdırlar” (Təhrim, 4).
Həmçinin Qurani-Kərim insanlara ixtilaf və qarşıdurmadan uzaq durmağı əmr edir. Çünki ixtilafa səbəb olan hər bir iş cəmiyyəti zəiflədir və onun izzətini aradan aparır. Buna görə də buyurulur: “Allah və Onun Peyğəmbərinə itaət edin, bir-birinizlə çəkişməyin, yoxsa zəifləyər və qüdrətiniz əldən gedər. Səbir edin! Həqiqətən, Allah səbir edənlərlədir” (Ənfal, 46).
Cəmiyyətdə əməkdaşlıq və həmrəylik o zaman yaranar ki, insanlar arasında kin, həsəd və düşmənçilik olmasın, həmçinin qeybət kimi mənəvi rəzilətlərdən uzaq dursunlar. Bu, göstərir ki, əməkdaşlıq ictimai fəzilətlərin möhkəmlənməsinə təsir etdiyi kimi, mənəvi rəzilətlər də əməkdaşlıq bağlarını zəiflədir. Fiqhi baxımdan vacib və ya müstəhəb olan bir çox hökmlərin hikməti də cəmiyyətdə əməkdaşlıq və həmrəyliyi genişləndirməkdir.
Fiqh alimləri bəzi fiqhi məsələlərdə “əməkdaşlıq ayəsi”nə istinad edərək bəzi əməlləri “günahda əməkdaşlıq” nümunəsi saymışlar. Məsələn:
Hərbi kafirlərə silah və ya digər malların satılması,
Ribalı (faizli) alış-veriş,
Malını haram işlərdə istifadə edənlə ticarət etmək,
Cümə namazı vaxtı alış-veriş etmək,
Şərab istehsalı üçün üzüm satmaq və ya şərab daşınması üçün nəqliyyat vasitəsi icarəyə vermək — bütün bunlar “günahda əməkdaşlıq” nümunələrindəndir.
3495130