İmam Rza (ə) buyurur: "Həccdə Əhli-beytin (ə) elmləri öyrədilir və bütün dünyaya yayılır".
Həccdə insan Allahın qonağıdır. Yerin ilk nöqtəsində yerləşdirilir; “Bundan sonra da yeri döşəyib (yayıb) düzəltdi (üstündə gəzmək və yaşamaq üçün onu yararlı hala saldı)” (Naziat, 30).
Allah Evi xalqla birlikdə İbrahim (ə) və Həzrət Muhəmmədi (s) yad edərək Allahın əli ilə (qara daşla) beyət edir. Üç nəfərin – Həzrət Məhəmməd (s), Həzrət Xədicə (s) və Həzrət Əlinin (ə) – camaatla qıldığı namazın milyonlarla qılınan namaza çevrildiyini xatırlayır.
Həcc zamanı insan qəlb rahatlığı ilə və təhlükəsiz ərazidə Allah və Qiyamət günü haqqında düşünür. Təvaf edərkən yerimək, namazda ayaq üstə durmaq, Kəbəni seyr etmək hər birinin təsiri var.
Allahın evi murdar müşriklərin girməyə haqqı olmayan yerdir.
Layiq olmayanların ona başçılıq etməyə haqqı yoxdur.
Heç kəsə aid deyil, oradakıların hamısı eynidir və sanki evlərinə gəliblər. Ona görə də namazlarını dörd rükət qıla bilərlər və sanki müsafir deyillər.
Bəli! Müsafir dörd mərkəzdə namazını tamam qıla bilər:
İlahiyyat Mərkəzi, "Məkkə".
Nübüvvət mərkəzi, "Peyğəmbərin (s) hərəmi".
Vilayətin mərkəzi "Kufə məscidi".
Şəhidlik Mərkəzi, "İmam Hüseynin (ə) hərəmi".
Bu dörd mərkəzdə insanlar hamısı tanışdır, doğmadırlar, müsafir namazına ehtiyac yoxdur. Bu mərkəzlər hər kəsin evidir. Namazlarını tamam qıla bilərlər. Orada qibləmiz dəqiq və həqiqidir.
Orada yüzlərlə peyğəmbər namaz qılıb.
Orada bir qəbul olunan namaz həyatın bütün namazlarının qəbul olmasına səbəb olur.
Qurana görə, Məkkə elə bir yerdir ki, ora qarşı pislik etmək hər kəs ağrılı ilahi əzaba düçar olacaqdır.
İbrahim (ə) və İsmayıl (ə) Allahın əmri ilə onu çirkabdan təmizlədilər.
Ora vilayət və düşmənə nifrətin təzahürüdür. Hətta oradakı daşlar da digər yerlərin daşlarından fərqlidir. Bir daşı, "Kəbə daşı'' öpüb onu təvaf edirik, amma başqa bir daşa çınqıl atırıq.
Bəli, biri “vilayət daşı”, biri də “bəraət (düşmənə nifrət) daşı”dır!
Məscidul-həram, xüsusi hörməti olan bir məsciddir. Onun mühəndisi Allah, memarı İbrahim (ə), işçisi İsmayıl (ə), büt sındıranı Əli (ə), imam camaatı Həzrət Muhəmməd (s), iqtida edəni Həzrət Xədicə (s), müəzzini Bilal, suyu isə Zəmzəmdir.
Onun yanında Səfa dağı var ki, insanların toplaşdığı, Peyğəmbərlərin dəfn olunduğu, Allah Rəsulunun (s) merac etdiyi yer və günahkarların tövbə yeridir!
Oraya girmək üçün dörd dəfə qüsl edirik:
Biri ondan kənardan ehram bağlamaq üçün
digəri təhlükəsiz zonaya daxil olmaq üçün
Üçüncü dəfə Məkkəyə daxil olmaq üçün
Dördüncüsü Məscidül-Hərama daxil olmaq üçün
İlahi, bura haradır ki, dörd dəfə yuyunmalıyıq və bütün bu xüsusiyyətlər nə üçündür?
Məkkə “coğrafi” deyil, “tarix”dir. O, "yer" deyil, "zaman"dır.
Onun girişi bağlı və məhdud deyil, istənilən istiqamətdən daxil olmaq olar, ona görə də bir neçə miqatımız (dayanıb ehram bağladığımız yer) var.
Bir ömr hamıya ləbbeyk (baş üstə) demişəm, indi ancaq Sənə ləbbeyk (baş üstə) deyirəm; Yəni, İlahi, mən gəlmişəm! Yaxşı ya pis olmağımın heç kimə aidiyyatı yoxdur. Məni ev sahibi gətirib. Məni bəyənməsəydi, gətirməzdi. Mən onun qonağıyam.
O qədər ləbbeyk (baş üstə) sözünü təkrar edirəm ki, ruhumun dərinliklərində bəndəliyin həzzini anlayıram. Ucadan deyirəm, heç kimdən utanmıram. Karvanlara çatanda səsimi ucaldıram, fəryadımla boşluğu doldururam. Göz yaşı ilə və nalə edərək deyirəm, düzgün deyirəm, mən bu gündən Onun bəndəsi olmaq istəyirəm; "Ləbbeyk əllahummə ləbbeyk".