Ali İmran surəsi 193-194-cü ayələr: "Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə iman gətirin!”- deyə imana çağıran bir kimsəni (Peyğəmbəri) eşidən kimi imana gəldik. Ey Rəbbimiz! Artıq günahlarımızı bağışla, pis əməllərimizin (qüsurlarımızın) üstünü ört və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al!".
"Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!".
Allahın Quranda cavab verəcəyini vəd etdiyi ən gözəl və zəngin ibadətlərdən biri duadır. Müstəcab cavab verilmiş, duası qəbul edilmiş deməkdir.
Duanın qəbul olmasının şərti imanlı olmaq, haqqa və onun elm və qüdrətinə möhkəm təvəkkül etmək, keçmiş günahların bağışlanmasını istəməkdir.
Duanın sonundakı “Yaxşı insanlarla canımızı al” ifadəsindən məqsəd, Allah dərgahında yaxşı və məqbul sayılan insanlarla ortaq xüsusiyyətlərə malik olmağı arzulamaq, Allahdan onlara ömür verməsini arzu etməkdir. Ölənə qədər yaxşı vəziyyətdə, dini tərk etmədən və öldükləri zaman xeyirxah insanlar qrupuna daxil olaraq ölməyi diləməkdir.
Hədisdə deyilir ki, yaxşılar yaxşılarla olar. Yəni hər kəs dünyada kimin bayrağının altında idisə, kimin arxasınca getdisə, kimə dəstək oldusa, kimləri rəhbər tutdusa, axirətdə də onlarla olacaq. Onlar həm bu dünyada, həm də axirətdə birdirlər. Yaxşılar yaxşılarla cənnətdə, pislər isə pislərlə cəhənnəmdə olacaqlar.
Əgər insanlar bu dünyada şücaət, doğruluq, yaxşılıq və s. kimi gözəlliklərə sahib olanlarla qarşılaşıb bir yerdə olsalar, axirətdə də eyni cür insanlarla əhatə olunar və qarşılaşarlar.
Bu, Ustad Muhyiddin İlahi Qumşeinin “Quranla 365 gün söhbət” kitabından bir parçadır.
İlahi dəvətin qəbul edilməsi və günahların bağışlanması üçün dua
4119888