Yəmən xalqı Qəzzə xalqına dəstək məqsədilə ölkənin paytaxtı Səna da daxil olmaqla müxtəlif şəhərlərdə “Qələbəyə qədər sizinləyik, Amerika bizi dayandıra bilməz” şüarı ilə böyük nümayişlər keçirib.
Nümayişçilər sionist rejimin Qəzzada törətdiyi qətllərə reaksiya verib və ABŞ-ın Qəzzada törədilən qırğına dəstəyini pisləyiblər.
Nümayişlər zamanı, həmçinin Fələstin xalqına dəstək üçün ictimai yürüşlərin davam edəcəyi vurğulanıb. Həmçinin müqavimət qüvvələrinin Qəzza, Livanın cənubu və İraqdakı mübarizəsi təqdir edilib.
Nümayişlərdən sonra oxunan bəyannamədə Yəmən silahlı qüvvələrinin Fələstin xalqına dəstək fəaliyyətləri təqdir edilib.
Bəyannamənin digər hissəsində bəzi ölkələrin sionist rejimə dəstək verəcək dəniz və beynəlxalq koalisiyanın yaradılmasına qarşı çıxması da yüksək qiymətləndirilib.
Nümayişçilər həmçinin Amerikanın sionist rejimə dəstəyini və Qəzzədəki cinayətləri dayandırmamasını pisləyiblər. Habelə ərəb və İslam ölkələrinin sionist rejimin Qəzzada fələstinlilərə hücumu qarşısında susqunluğunu tənqid ediblər.
Yəmənlilər ərəb və islam xalqları və dünyanın bütün azad xalqlarından yürüşlər və nümayişlər təşkil edərək, onlardan sionist rejim və onun havadarlarına qarşı çıxmalarını və İsrail istehsalı olan məhsulları boykot etmələrini istəyiblər.