"İQNA"-nın İraq İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İraqdakı İmam Hüseynin (ə) Ərbəin ziyarəti üzrə mərkəzi qərargah bildirib ki, zəvvarların təhlükəsizliyini təmin etmək və sərhəd-keçid məntəqələrində, eləcə də əsas marşrutlarda hərəkəti maksimum dərəcədə rahatlaşdırmaq məqsədilə bütün təhlükəsizlik, xidmət və dəstək qurumlarının koordinasiyası ilə Ərbəin ziyarəti üçün xüsusi təhlükəsizlik və xidmət planının icrası davam edir.
Bəyanata əsasən, bu tədbirlər Baş nazir və Silahlı Qüvvələrin Baş Komandanının birbaşa dəstəyi ilə həyata keçirilir.
Bəyanatın davamında qeyd olunur: "Son yenilənmiş statistikaya görə, Məhərrəm ayının əvvəlindən ötən gecəyə qədər 2 milyon 887 min 305 zəvvar İraqa daxil olub. Bununla yanaşı, İmam Hüseynin (ə) Ərbəin mərasimində iştirak etmək üçün müxtəlif ölkələrdən zəvvarların axını hələ də davam edir".
Qərargah həmçinin vurğulayıb: "Təhlükəsizlik bölmələri və dəstək qurumları öz sahə tapşırıqlarını əvvəlcədən müəyyən edilmiş planlar əsasında və milyonluq ziyarətlər üzrə Ali Komitənin nəzarəti altında yerinə yetirməyə davam edirlər. Həmçinin, zəvvarların sayının artması ilə əlaqədar olaraq, ziyarət günlərində təhlükəsiz, stabil və rahat hərəkət mühitini təmin etmək üçün icra və xidmət tədbirləri gücləndirilib".
4367064