IQNA

Banqladeşdə baş verən yanğında 7 minə yaxın Rohinca müsəlmanı evsiz qalıb

16:22 - January 08, 2024
Xəbər sayı: 3495265
İQNA - Banqladeşin Koks Bazar şəhərində Rohinca müsəlmanlarının qaldığı 5 nömrəli düşərgədə baş verən yanğında 7 minə yaxın Rohinca müsəlmanı evsiz qalıb.

“TRT” Xəbər-in verdiyi məlumata görə, Banqladeşdə əksəriyyəti 2017-ci ildə Myanmadakı hərbi əməliyyatlardan qaçan 1 milyondan çox Rohinca müsəlmanına ev sahibliyi edən Koks-Bazar şəhərindəki 5 nömrəli düşərgədə ötən gecə yanğın baş verib.

Qısa müddətdə böyüyən yanğında təxminən 800 ev kül olarkən, təxminən 7 min Rohinca müsəlmanı evsiz qaldı.

Yanğın 3 saat sonra yerli vaxtla saat 01:00 radələrində nəzarətə götürülüb.

Koks-Bazar Qaçqınlara Yardım və Repatriasiya üzrə Komissarı Məhəmməd Mizanur Rəhman verdiyi açıqlamada yanğında evlərlə yanaşı, təlim mərkəzləri kimi bir çox obyektin də külə döndüyünü, yanğında insan itkisinin olmadığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığından (UNCHR) verilən açıqlamada, məscid və sağlamlıq mərkəzləri də daxil olmaqla, təxminən 120 binanın yanğında zərər gördüyü ifadə edilib. Həmçinin “yanğının səbəbi hazırda məlum deyil və hökumət rəsmiləri Yanğının səbəbləri ilə bağlı araşdırma aparılacağına əminlik verdiyi” qeyd olunub.

2021-ci ilin mart ayında Koks-Bazarda baş verən yanğında ən azı 15 nəfər ölüb, 10 mindən çox ev yanğından zərər çəkmişdi.

Keçən il yanğında təxminən 2800 ev kül olmuş, 12 min insan evsiz qalmışdı.

Yanğınla bağlı araşdırma zamanı məlum olub ki, hadisə “planlı təxribatdır”.

captcha