IQNA

Cənnət Quranda / 1

Cənnət nemətləri insanın təsəvvür edə bilməyəcəyi nemətlərdir

14:03 - January 30, 2024
Xəbər sayı: 3495393
İQNA – Cənnət nemətləri bizim dünyəvi hiss və idrakımıza sığmır; çünki axirət dünyadan daha üstün, daha geniş və daha böyük bir dünyadır ki, biz o nemətləri dünya nemətləri ilə müqayisə etməklə ancaq bir bənzəməsini anlayırıq.

Cənnət nemətləri insanın təsəvvür edə bilməyəcəyi nemətlərdirBu dünyada məhdud olduğumuz üçün bizim cənnət nemətlərinin ölçülərini anlamaq çox çətindir, hətta qeyri-mümkündür, çünki dünya nemətləri axirət nemətləri ilə müqayisədə az qala çayla müqayisədə bir damla su kimidir. Qurani-Kərim buyurur ki, istədiyiniz şey orada mövcuddur, lakin bizim yanımızda sizin fikriniz və qəlbinizdən də keçməyən nemətlər vardır: “Orada onların istədikləri hər şey vardır və bizim yanımızda daha çox (nemətlər) mövcuddur” (Qaf, 35).

Allahın iman və təqva əhlinə öz lütfündən vəd etdiyi əbədi cənnət var ki, qeybdən bir müjdədir. Onun qədrini heç vaxt anlaya bilmərik. Həmçinin Allahın rəhməti hüzurunda sevinc və səadət miqdarını anlamaq mümkün deyil. Buna görə də insanlar bunu başa düşə bilmirlər və onlara yalnız bu vədin heç vaxt pozulmayacağı bildirilir: “Rəhmanın (Allahın) Öz bəndələrinə vəd etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun vədi mütləq yerinə yetəcəkdir” (Məryəm, 61).

Burada cənnətin cəm (Cənnat) şəklində işlədilməsi, cənnətin əslində saleh möminlərin ixtiyarında olan çoxsaylı və fövqəladə məhsuldar bağlardan ibarət olduğuna dəlalət edir. Əbədilik mənasını verən “ədn” vəsfi cənnətin fani olan dünya bağları və nemətləri kimi olmadığına dəlildir, çünki bu dünyanın böyük nemətləri ilə bağlı insanları narahat edən şey onların hamısının fani olmasıdır. Lakin bu narahatçılıq cənnət nemətləri barəsində yoxdur.

“İbadəhu” kəlməsi bütün bəndələr deyil, Allahın mömin bəndələri mənasındadır və ondan sonrakı “bil-qeyb” ifadəsi onların nəzərindən gizli qaldığını və ona inandıqlarını bildirir. Elə bir ehtimal da var ki, cənnət nemətləri elədir ki, heç bir göz görməmiş, heç bir qulaq eşitməmiş, hətta insanların zehnindən belə keçməmiş, bizim hiss və idrakımızdan tamamilə kənarda qalmışdır.

captcha