IQNA

Cənnət Quranda / 6

Peyğəmbərin (s) dəvətini qəbul etməklə hasil olan gerçək həyat

21:12 - February 05, 2024
Xəbər sayı: 3495425
İQNA – Qurani-Kərimdə vurğulanır ki, insanın əqli, mənəvi və həqiqi həyatının başlanğıcı Allahın Peyğəmbərinin (s) dəvətini qəbul etməklə gerçəkləşir.

Qurani-Kərimin bir çox ayələrində insanın həqiqi həyatının peyğəmbərlərin dəvətini qəbul etməsinin nəticəsi olduğu vurğulanır. O cümlədən buyurur: “Ey iman gətirənlər, Allah və Rəsulu sizi həyat bəxş edən həqiqətlərə dəvət etdikdə cavab verin” (Ənfal, 24). Həzrət Peyğəmbərin (s) çağırışına cavab vermək nəticəsində əldə edilən həyatın mənası heyvani həyatı deyil, həqiqətdə, əqli, mənəvi və həqiqi insani imkanların işə salınması ilə əldə edilən həyatdır.

Qurani-Kərim, öz fitrətlərində əqli və mənəvi imkanlara malik olmalarına baxmayaraq, ilahi iman və mərifətdən bəhrələnməyən, Allahın ayə və nemətlərinə laqeydlik, ağılsızlıq və şəhvətlə baxan insanları heyvan kimi həyat yaşadıqlarını hesab edir. Onların həyatdan aldıqları həzz yemək və yatmaqdan ibarətdir. Onlar heyvandan da aşağı dərəcədədirlər. Çünki heyvanlar daha yüksək həyat səviyyəsini dərk etmək qabiliyyətinə malik deyillər, lakin insanlar özlərini bundan məhrum ediblər.

Qurani-Kərim buyurur: “Biz cinlərdən və insanlardan bir çoxunu34 Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (Əraf, 179).

Deməli, imanı və mərifəti olmayan insan ölüdür. Cins, yaş, irq və sosial və siyasi duruş insan həyatının prinsipində fərq yaratmır. Bu iman hər hansı bir insanın (istər kişi, istərsə də qadın) əməlləri ilə təzahür etdiyi zaman ilk iş onun təyyibə həyata qovuşması olur: “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri ən yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)” (Nəhl, 97). “Təmiz həyat” bir həyat mərhələsidir ki, insan orada qəlbi sakit, ruhu mömin, ilahi təsdiqlərə və mələklərin dualarına şamildir, qorxu və qəm-qüssəsi yoxdur.

captcha