IQNA

Cənnət Quranda / 7

Cənnətdəki çayların mənası

21:03 - February 06, 2024
Xəbər sayı: 3495431
İQNA – Cənnətdə axan çayların həqiqəti qəlbə can verən elm və mərifətdir. Necə ki, dünyada möminlər öz mənəvi həyatlarını peyğəmbərlər və onların vəliləri vasitəsilə Allahın birliyini tanıyıb etiraf etməklə əldə etmişlər.

Qurani-Kərimdə “Muhəmməd” (s) surəsində dörd səmavi çaya işarə edilir: “Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir3: orada dadı dəyişməyən (qoxumayan) sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən (günahlardan) bağışlanma gözləyir. (Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!” (Məhəmməd, 15).

İlk çaylar təmiz suyu olan çaylardır. Bəs Quranda “su” sözünün həqiqəti nədir? Qurani-Kərim buyurur: “Biz bütün canlıları sudan yaratdıq” (Ənbiya, 30). Bu o deməkdir ki, hər bir məxluqun həyatı sudan asılıdır, su olmasa, həyat da olmayacaq. Bu ayəyə əsasən, başa düşə bilərik ki, “su” sözünün arxasında bütün canlıların ondan asılı olduğu həqiqəti dayanır.

Daha əvvəl deyildiyi kimi, insanın həqiqi həyatı Peyğəmbərin (s) dəvətini qəbul etməklə yaranır (Ənfal, 24). “Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (Əraf, 179).

Qurani-Kərim buyurur: “16.          (Sonra mənə belə vəhy olundu:) Əgər onlar (Məkkə müşrikləri) o yolda (islam dinində) doğru olsaydılar, Biz onlara (yeddi il davam edən quraqlıq və qıtlıq əsnasında) bol yağış verərdik” (Cin, 16). Əlbəttə, məqsəd bu deyil ki, biz onları təbii su ilə sirab edirik, həqiqətdə, iman həqiqəti və ilahi elmlə sirab olunmaları nəzərdə tutulur. Bol su təbiri onu göstərir ki, Peyğəmbər (s) və vəsilərindən insan varlığına axan elm həyat çeşməsi kimidir.

Cənnətdə axan çaylar əslində möminlərin qəlblərinə həyat verən elm və mərifət mənbəyidir. Dünyadakı möminlər həm Allahın birliyini, Onun müqəddəs zatının sifət və adlarını tanımaqla, həm də ilahi peyğəmbərlər və vəlilər vasitəsi ilə öz mənəvi həyat ruzilərini əldə etmişlər. Əslində, bəşər cəmiyyətinin həqiqi həyatı Peyğəmbərin və onun vəlilərinin elm və təlimlərindən sirab olunur. Necə ki, Qurani-Kərim buyurur: “De: “Bir deyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?!” (Mülk, 30).

Teqlər: behişt ، quran ، cənnət ، mərifət
captcha