IQNA

Mərakeşdə Qəzzəyə dəstək üçün genişmiqyaslı nümayiş keçirilib

7:53 - February 25, 2024
Xəbər sayı: 3495518
İQNA - Mərakeşin 50 şəhərində 110 fərqli yerdə Qəzzəyə dəstək nümayişləri keçirilib.

AA-nın verdiyi məlumata görə, Mərakeş qeyri-hökumət təşkilatı Ümmət Problemlərinə Dəstək Təşkilatından verilən yazılı açıqlamada bir gündə 50 şəhərdə 110 fərqli nöqtədə Qəzzəyə dəstək nümayişlərinin keçirildiyi bildirilib.

Tatvan, Tanjer, Meknes, Aqadir, Tarudant və Vecde şəhərlərində keçirilən nümayişlərdə sionist rejimin Qəzzədə dinc əhaliyə qarşı soyqırım, məcburi aclıq və deportasiya siyasəti pislənilib. Həmçinin beynəlxalq ictimaiyyətdən mülki əhalinin müdafiəsi ilə bağlı üzərinə düşən məsuliyyəti yerinə yetirməsi istənilib.

Nümayişçilər Mərakeş hakimiyyətini Fələstin xalqını dəstəkləyən mövqe tutmağa və Təl-Əvivlə normallaşma sazişindən geri çəkilməyə çağırıblar.

Etirazçılar Qəzzədə müharibə dayanana və fələstinlilər ədalətli və qanuni hüquqlarını əldə edənə qədər nümayişləri davam etdirəcəklərini bildiriblər.

Mərakeş və Təl-Əviv 2020-ci il dekabrın 10-da Mərakeşin Qərbi Səhrada suverenliyinin tanınması müqabilində Mərakeşin sionist rejimlə diplomatik əlaqələri bərpa etməsini şərtləndirən normallaşma sazişini imzalayıb.

captcha