IQNA

Quranda əxlaq / 4

Qurani-Kərim insanlara söz gəzdirməyi qadağan edir

8:50 - March 05, 2024
Xəbər sayı: 3495566
İQNA – “Söz gəzdirmək” dedikdə, çox vaxt iki nəfərin sözünü bir-birinə çatdırmaqdır, ona görə də nəticədə fəsad törədəcək bir növ ifşa etməkdir. Bu əməl İslamda haramdır və böyük günahlardandır.

Bu çirkin xislət bütün insani və ictimai münasibətləri məhv edir, dostluq, mehribanlıq, iman zəncirini qırır. Həmçinin Qurani-Kərimdə “Hüməzə” surəsinin birinci ayəsində söz gəzdirməklə bağlı buyurulur: “İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına” və “Qələm” surəsində də söz gəzdirəndən itaət etmək haramdır: “Həmmazin məşşain bi nəmim” (Çox eyb axtarana, pis danışana və söz gəzdirənə) (Qələm, 11).
“Nəmimə” sözü ilkin olaraq bir şeyin hərəkətindən və ya insanın yeriyərkən ayağının yerə dəyməsindən yaranan qısa və yavaş səs mənasındadır. Söz gəzdirən insanlar adətən sözlərini mühüm xəbər kimi qarşılanması üçün yavaş-yavaş və onun-bunun qulağına deyirlər. Buna görə də bu söz söz gəzdirməyə tətbiq edilir.
“Məşşain bi nəmim” insanlar arasında düşmənçilik və narahatlıq yaratmaq üçün söz gəzdirməyə gedən şəxsdir. Bu insanlar pis danışmaq üçün başqalarının sözlərindən sitat gətirirlər. İnsanlar arasında dostluğu, mehribanlığı məhv edir, fitnəni canlandırırlar. Bu əməl ən böyük və ən təhlükəli günahlardan hesab edilmişdir; Çünki cəmiyyətin birliyini, saflığını pozur. Bu ayənin bütün insanlar üçün tərbiyəvi məqamı ondan ibarətdir ki, heç kim söz gəzdirən adamın sözlərinə inanmamalıdır. Çünki söz gəzdirən insanın cəmiyyətdə nifrət edilməsi və qovulması lazımdır.
İslamın başlanğıcında söz gəzdirməyin bariz nümunəsi o idi ki, münafiqlər İslam dini və Peyğəmbərlə (s) üz-üzə qarşıdurmalardan heç bir nəticə əldə etməyəndə, yaltaqlıq və riya ilə öz pis məqsədlərinə çatmağa çalışırdılar ki, Uca Allah onların ikiüzlülüyünü həmişə aşkar etmişdir. “Hücürat” surəsinin altıncı ayəsində buyurulur: “Ey iman gətirənlər, əgər bir fasiq sizə xəbər gətirsə, diqqətlə araşdırın ki, bilmədən bir dəstəyə zərər yetirməyəsiniz və [sonra] etdiyinizə görə peşman olmayasınız”. 

captcha