IQNA

İslamı tanıtmaq üçün Hollandiyanın 15 şəhərində Quran paylanılıb

7:25 - April 30, 2024
Xəbər sayı: 3495860
İQNA - Hollandiyada "Kral Günü"ndə İslamı izah etmək üçün müxtəlif şəhərlərdə hollandca tərcümə edilmiş Qurani-Kərim paylanılıb.

Hollandiyada Müsəlman Perspektiv Fonduna bağlı “Niyə İslam” bölməsinin rəhbərləri və könüllüləri 15 şəhərdə “İslama dəvət” adlı tədbir təşkil ediblər.

Tədbirdə Kral gününü qeyd etmək üçün şəhərin mərkəzinə gələnlərə Qurani-Kərimin hollandca tərcüməsi hədiyyə edilib, İslam dini ilə bağlı broşürlər paylanılıb, İslam dini izah edilib.

Rotterdam şəhərində Qurani-Kərimi paylayan “Niyə İslam” bölməsinin rəhbəri Bəkir Əkinci bildirib ki, onların məqsədi Qurani-Kərimi qeyri-müsəlman holland xalqına paylamaq, İslamı izah etmək və Quranla tanış olmaqda kömək etməkdir.

Əkinci, "Əgər İslama qarşı həqiqətən səmimidirlərsə, bu münasibətlə onları İslama dəvət edirik. Əlhəmdülillah, bu gün ən azı 5 nəfərin İslamı qəbul etməsinə kömək etdik. Burada 5 nəfər İslamla şərəfləndi" dedi.

Son illərdə Hollandiyada İslama böyük marağın olduğunu bildirən Əkinci, "Qurana tələbat var. Bir çoxları mütləq Quran oxuyacaqlarını deyirlər. Bu şəkildə Allahın izni ilə bir çox insanın İslamı qəbul etməsində və ya tanımasında vəsilə oluruq" dedi.

Əkinci, "Yalnız Rotterdamda deyil, xüsusilə də bu gün Kralın doğum günü olduğu üçün 15 şəhərdə də stendlər qurduq. Kral Günündə çox sayda insanın küçələrə çıxması bizim üçün yaxşı bir fürsət oldu" dedi.

Tədbirdə iştirak edən və hədiyyə olaraq Qurani-Kərim alan Tara Mercera tədbirin çox gözəl keçdiyini bildirərək, “İnsanları ruhlandırmaq, İslamı başqaları ilə bölüşmək və ehtiyacı olanlara və dindən uzaqlaşanlara İslamı izah etmək çox gözəl bir hərəkətdir” qiymətləndirməsini etdi.

Mercera, "Bəli, oxuyacağam. Məncə, çox maraqlıdır. İncili oxudum, indi Quranı oxuyacağam. Baxacağam ki, bu mənə hansı perspektiv verəcək, onda hansı gözəlliklər tapacağam" dedi.

Daha əvvəl heç bir dini kitab oxumadığını deyən Silke Hofman həmçinin Qurani-Kərimi yaymağın çox gözəl olduğunu və mütləq oxuyacağını bildirib.

Aty Blaauboer, "Mütləq oxuyacam. Qurandan alacağım gözəllikləri nəvələrimə ötürəcəm" dedi.

captcha