Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Beyrutda Aşura günü münasibətilə etdiyi çıxışında bir çox ərəb ölkələrinin sionistlərin törətdikləri cinayətlər qarşısında susqunluğuna işarə edərək, hər zaman Qəzzanı dəstəklədiklərini, İran və Suriyanın da həmişə onlara dəstək verdiyini vurğulayıb.
Seyid Həsən Nəsrullah deyib: "Sionist rejim ən pis vəziyyətdədir və bütün səviyyələrdə böhran içindədir, məqsədlərinə çata bilməyib və bu uğursuzluğu Qəzzada geniş yayılmış cinayətlərlə kompensasiya etməyə çalışır".
Ənsarullah hərəkatının Qırmızı dənizdə sionist rejimə qarşı uğurlu əməliyyatlarına toxunan Nəsrullah sözügedən əməliyyatların bu rejimin iqtisadi böhranını daha da dərinləşdirdiyini vurğulayıb.
İsrail ordusunun bu gün güc çatışmazlığı yaşadığını bildirən Nəsrullah, “sionistlərin tank sayında da çatışmazlıq var. Bu vəziyyətlə Livanda müharibə etmək istəyirlərmi?” dedi.
Nəsrullah sionist rejiminə siyasi, maddi və hərbi cəhətdən birbaşa dəstək verən ABŞ-ın Qəzzadakı qətllərə görə məsuliyyət daşıdığını bildirib.
Seyid Həsən Nəsrullah çıxışına davam edərək dedi: "Bu gün İran, Yəmən və İraqla birlikdə bu cəbhədə qalacağımızı bəyan edir, Ayətullah Xameneiyə hörmətimizi bir daha bildirir və İmam Musa Sədrin yolunu davam etdirəcəyimizi bəyan edirik".