Allah “Buruc” surəsində şəhidləri vəsf edir, daşürəkləri tənqid edir. Quran bu surədə buyurur: “Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)!” (Buruc, 4). Bunlar möminləri götürüb dərəyə atıb yandıran qəddar və namərd insanlar idilər. Sonra dərənin başında möminlərin yandırılmasını seyr etdilər. Qurani-Kərim bu qədər daş qəlbli olanlara ölüm olsun deyir. İman gətirdiklərinə görə bunları yandırıb oturub seyr etdilər. Quranın bu ayəsinə əsaslanaraq, möminlərin məzlumiyyət rozasını oxumaq və zalımlara lənət göndərmək icazəlidir.
Qurani-Kərim buyurur: “Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar” (Şüəra, 227). Demək ki, gələcəkdə zalımlar öz aqibətlərinin necə olacağını biləcəklər. Onlar nə etdiklərini və kiminlə vuruşduqlarını biləcəklər. Bu ayəyə misal olaraq Kərbəla hadisəsini göstərmək olar.
Digər tərəfdən, Qurani-Kərim başqa yerdə buyurur: “Biz salehlərin mükafatını zay etməyəcəyik” (Əraf/170). İmam Hüseyn (ə) sahib olduğu hər şeyi Allah üçün verdi, Allah da İmam Hüseynə (ə) kamilliyin zirvəsi olan hər şeyi verdi. Başqa bir ayədə oxuyuruq: “Maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbr edənlər” (Bəqərə, 177). Allah hər cür çətinlik qarşısında səbir edənləri tərifləyir. Bütün çətinliklər Kərbəlada var idi və onlar səbir etdilər.
Qurani-Kərimdə Peyğəmbəri-Əkrəmə (s) buyurulur:, "Biz Sənin adını ucaldırıq" (İnşirah, 4). Həzrətin adı tarixdə məşhur oldu. İmam Hüseyn (ə) də bu ucalığı qazanıb və İmam Hüseynin (ə) bayrağı dünyanın hər yerində dalğalanır. Məhərrəmlikdə on minlərlə məclislər keçirilir, insanlar Quran və İslamla tanış olur, təbliğat aparılır, nəzirlər verilir, aclar doyurulur, məzlumlar yad edilir, zalımların üstünə fəryad edilir, bunların hamısı İmam Hüseynin (ə) bərəkətidir.
Qurani-Kərim Həzrət İsadan (ə) nəql edir: Harada olsam da, Allah mənə bərəkət verib" (Məryəm, 31). Böyük İslam Peyğəmbəri (s) bərəkətli olduğu kimi, İmam Hüseyn (ə) də və Kərbəla da bərəkətli olmuşdur. İmam Hüseyninin (ə) düşüncəsi, əxlaqı, əzadarlığı, təbliğatı, bütün bunlar xalis İslamı yaymaq üçün bir nemətə və böyük fürsətə çevrildi.
Qurani-Kərim buyurur: “Allah onlardan razıdır və onlar da Allahdan razıdır” (Maidə, 119). İmam Hüseyn (ə) bu dəstənin ən gözəl nümunəsidir Qətlgahda ən çətin vəziyyətdə belə buyurmuşdur: "İlahi, mən Sən razı olana razıyam".