"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, Fransa 2024-cü il Paris Olimpiadasında dünyəviliklə bağlı sərt qanunlarını əsas gətirərək idmançılara dini simvollar geyinməyi qadağan edib.
Bunun ardınca Fransa futbol və basketbol federasiyaları da hicablı oyunçuları, o cümlədən həvəskarlar səviyyəsində yarışlardan kənarlaşdırıb.
Səkkiz müstəqil hüquq ekspertinin imzaladığı bəyanatda bu qərarların qeyri-mütənasib və ayrı-seçkilik xarakteri daşıdığı bildirilib.
Onlar həmçinin bildiriblər ki, hicablı qadınlar bir hissəsi olduqları Fransa cəmiyyətinin mədəni və idman həyatının bütün sahələrində bərabər hüquqlara malik olmalıdırlar.
Bəyannaməni BMT-nin din və ya etiqad azadlığı üzrə azlıqların məsələləri və mədəni hüquqlar üzrə xüsusi məruzəçiləri, BMT İnsan Hüquqları Şurası tərəfindən təyin edilmiş müstəqil ekspertlər qrupu, habelə BMT-nin Qadınlara və Qızlara qarşı ayrı-seçkilik üzrə İşçi Qrupunun üzvləri imzalayıblar.
Fransanın dünyəvilik qanunu dövləti dini məsələlərdə neytral tutmağı hədəfləyir. O, həmçinin vətəndaşların öz dini etiqadlarını sərbəst şəkildə həyata keçirmək hüququnu təmin edir.
Ekspertlər “Hökumətin neytrallığı və dünyəvi xarakteri ifadə, din və inanc azadlığının məhdudlaşdırılması üçün qanuni əsas deyil” deyir.
BMT ekspertləri vurğulayıblar ki, hicablı qadınlara və qızlara qarşı dözümsüzlüklə üzləşən Fransa onların hüquqlarını qorumaq, bərabərlik və mədəni müxtəlifliyə qarşılıqlı hörməti təşviq etmək üçün bütün mümkün tədbirləri görməlidir.
4245212