IQNA

Bəşər Əsədin vəziyyəti ilə bağlı ziddiyyətli xəbərlər

1:03 - December 09, 2024
Xəbər sayı: 3497208
İQNA – Suriyada Bəşər Əsəd rejiminin devrilməsi və silahlı qrupların bu ölkənin paytaxtına daxil olmasından sonra mediada Əsədin hazırkı durumu ilə bağlı ziddiyyətli xəbərlər dərc olunub.

"Reuters"-in verdiyi məlumata görə, silahlı müxalifət qrupları Dəməşqə çatdıqdan və Suriya prezidenti Bəşər Əsəd hökumətinin devrilməsindən sonra bazar günü səhər saatlarından media mənbələri Əsədin taleyi ilə bağlı ziddiyyətli xəbərlər dərc edir.

Suriya ordusunun iki yüksək rütbəli rəsmisi Əsədin təyyarəyə minərək naməlum istiqamətə doğru getdiyini bildirib.

Əl-Cəzirə telekanalı “Uçuş Radarı” uçuş izləmə saytının məlumatlarına istinadən bildirib ki, Əsədi daşıyan təyyarə şimal-qərbə uçub, sonra Homs şəhəri yaxınlığında dövrə vurub və sonra radarlardan itib.

Bağdad Əl-Yəvm xəbər saytının verdiyi məlumata görə, Əsədin təyyarəsi Dəməşq Beynəlxalq Hava Limanından havaya qalxdıqdan sonra İsrail təyyarələri tərəfindən hədəfə alınıb və vurulub.

"Reuters" xəbər agentliyi Suriya mənbələrindən də xəbər verir ki, Əsədin şənbə günü gecə Dəməşqdən çıxarkən onu daşıyan təyyarənin qəzaya uğraması nəticəsində ölməsi ehtimalı var.

Dəməşqdən ayrılan sonuncu təyyarənin Suriya hava yollarına məxsus olduğu və Bəşər Əsədi daşıdığı üzə çıxdıqdan sonra sosial mediada spekulyasiyalar yaranıb.

Çap mediasında və sosial şəbəkələrdə Bəşər Əsədin taleyi ilə bağlı ziddiyyətli xəbərlər yayılsa da, rəsmi mənbələrdən açıqlama verilməyib. Rəsmi mənbələr bu xəbəri nə təsdiq, nə də təkzib ediblər. Əsədin taleyi ilə bağlı suala yaxın günlərdə aydınlıq gələcək.

4253044

captcha