IQNA

Herat Böyük Məscidinin yenidən qurulması son mərhələyə çatıb

2:33 - February 09, 2025
Xəbər sayı: 3497587
İQNA – Əfqanıstanda baş verən zəlzələdən sonra Herat şəhərindəki bir çox qədim və tarixi əsərlər zədələnib. Dünyanın ən böyük məscidlərindən biri olan Herat Böyük Məscidinin bəzi minarələri ilk güclü zəlzələdən sonra məscidin həyətindəki günbəzin bir hissəsi ilə birlikdə uçub.

"TOLOnews" saytının verdiyi məlumata görə, Herat yerli hakimiyyət orqanları ötən il baş verən zəlzələdə zərər görən şəhərdəki Böyük Məscidin yenidən qurulması işlərinin 90 faiz tamamlandığını açıqlayıb.

Məscidin ən çox zədələnmiş minarələri və eyvanları yenidən qurulmuşdur.

Herat İnformasiya və Mədəniyyət İdarəsinin tarixi əsərlər üzrə direktoru Rəqibullah Rızvan Herat Böyük Məscidinin minarələrinin sökülməsinin qarşısını ala bildiklərini deyib.

Mühəndislər bildiriblər ki, məscidin bərpası zamanı onun tarixi orijinallığı tam qorunub və bütün tikinti mərhələləri orijinal memarlığına uyğun aparılıb.

Layihə rəhbəri məscidin strukturunda heç bir dəyişiklik edilməyəcəyini, bütün bərpa addımlarının ənənəvi üsulla aparılacağını, yenidənqurmada istifadə olunan keramika məmulatlarının eyni orijinal rəngdə olacağını və naxışlarında heç bir dəyişiklik olmayacağını bildirib.

Herat Böyük Məscidinin çöl divarları ənənəvi kaşılarla və tarixi yazılarla bəzədilib. Yüz illər boyu Herat ustalarının sənəti bu qiymətli əsərin gözəlliyinə öz töhfəsini verib.

Əfqanıstanın mədəniyyət məsələləri üzrə eksperti Əbdül-Cəlil Təvana Herat Böyük Məscidinin İslam dünyasında xüsusi yeri olduğunu bildirərək, “Heratın bütün tarixi tikililəri mədəni və tarixi dəyərə malikdir və bu tarixi əsərləri və nadir İslam sənətlərini görmək üçün çoxlu yerli və xarici turistləri Herata cəlb edir” dedi.

Herat Böyük Məscidi Əfqanıstanın ən qədim Böyük Məscididir və 46,760 kvadratmetr sahəsi ilə dünyanın ən böyük məscidlərindən biri hesab olunur.

Əvvəllər bu tikili zərdüştilərin ibadət yeri idi, lakin hicri 29-cu ildə Herat əhalisi İslamı qəbul etdikdən sonra bu böyük ibadət yeri müsəlman məscidinə çevrildi.

Bu tarixi məscid 460 günbəz, 130 eyvan, 12 çələng, 4 arkada, 4 qapı, ayələrlə bəzədilmiş 4 böyük kitabə, sufilərin və böyük şairlərin sufi şeirləri, 4 min cild kitabdan ibarət kitabxanadan ibarətdir. Dəstəmaz almaq üçün də yer var.

Herat Böyük Məscidində 100 min nəfər ibadət edə bilər.

 4264287

captcha