"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, Mərakeş xalqı cümə və şənbə günləri ölkənin bir çox şəhərində nümayişlər keçirib. Nümayişçilər ABŞ prezidenti Donald Trampın Qəzza zolağına nəzarəti ələ keçirmək və fələstinliləri ərazidən çıxarmaq planına qarşı olduqlarını bildiriblər.
Nümayiş iştirakçıları şüarlar səsləndirərək, Trampın bölgədəki planı və Fələstin məsələsi ilə bağlı xəbərdarlıq ediblər.
Etiraz aksiyası Mərakeş Ümmət Problemlərinə Yardım Təşkilatı və Mərakeş Dəstək və Yardım Təşəbbüsünün dəvəti ilə təşkil olunub.
Nümayişçilər əllərində Əl-Əqsa məscidinin şəkilləri və Fələstin bayraqları ilə fələstinlilərə dəstək olduqlarını bəyan ediblər.
Tunis xalqı Amerikanın bu ölkədəki səfirliyi qarşısına toplaşaraq Trampın Fələstinlə bağlı planına qarşı olduqlarını bildiriblər.
Etirazçılar “Ey müqavimət mücahidləri, qələbə və qurtuluşa qədər davam edin”, “Ey Qəzza, narahat olma, Amerika mütləq məğlub olacaq” və “Müqəddəs şəhərimiz əbədidir və bu mövzuda uğursuzluğa düçar olmayacağıq” şüarları səsləndirərək, Amerikanın Qəzza planını pisləyib.
ABŞ prezidenti Donald Tramp 2025-ci il fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra Qəzzanın ABŞ-ın nəzarətində olmasını təklif edib.
O, Misir və İordaniyanı ABŞ-ın hərbi yardımını kəsməklə hədələyib və qəzzalıların bu ölkələrə köçürülməsini tələb edib.
Trampın planı dünyanın müxtəlif ölkələrində insanların kütləvi etirazları ilə müşayiət olundu.
4266541