IQNA

Oruc, özünü idarə etməyə necə kömək edir?

5:53 - March 16, 2025
Xəbər sayı: 3497817
İQNA – Orucun faydalarından biri də iradəni gücləndirmək və özünü idarə etməkdir. Oruc vəsvəsələr və nəfsi istəklər qarşısında səbir və dözümlülük nümayiş etdirmək üçün bir fürsətdir. İnsan müəyyən müddət ərzində yeyib-içməkdən çəkindikdə nəfsinə hakim olur, iradəsini gücləndirir.

Bu silsilə qeydlərdə orucun psixoloji təsirlərinə toxunmaq niyyətindəyik.

İradə gücü fərdi uğur və tərəqqidə əsas rol oynayan mühüm insan xüsusiyyətlərindən biridir. Güclü iradə insana çətinliklərə müqavimət göstərməyə və məqsədlərinə çatmağa kömək edir. Qurani-Kərimdə də iradə məfhumuna böyük əhəmiyyət verilir. Quranda iradəni əvəz edən kəlmələrdən biri də “əzm”dir. Qurani-Kərimin “Ali-İmran” surəsinin 159-cu ayəsində buyurulur: “Beləliklə, qərar verdikdən sonra Allaha təvəkkül edin, şübhəsiz ki, Allah təvəkkül edənləri sevir”. Bu ayə göstərir ki, iradə və Allaha təvəkkül insana öz məqsədlərinə çatmağa kömək edə bilər. “Yusif” surəsinin 53-cü ayəsində də oxuyuruq: “(Yusif yaxud Əzizin zövcəsi dedi:) «Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan) təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır”. Bu ayə fitnə və günahlarla mübarizədə iradə və nəfsin roluna işarə edir.

Orucun faydalarından biri də iradəni gücləndirmək və özünü idarə etməkdir. Oruc vəsvəsələr və nəfsi istəklər qarşısında səbir və dözümlülük nümayiş etdirmək üçün bir fürsətdir. İnsan müəyyən müddət ərzində yeyib-içməkdən çəkindikdə nəfsinə hakim olur, iradəsini gücləndirir. Allahın əmri üçün bədənin təbii istəklərinə qarşı bu müqavimət, nəfsin güclənməsinə zəmin yaradır. İslami rəvayətlərdə orucun iradənin güclənməsinə təsirindən də bəhs edilir. İslam Peyğəmbəri (s) buyurur: “Allah-taala buyurur: “Hər kim mənim haramlarımdan üzvlərini və orqanlarını saxlamazsa, Mənim onun yemək və içməkdən çəkinməsinə ehtiyacım yoxdur.” Bu hədis göstərir ki, orucun təkcə ibadət deyil, həm də iradə gücünü gücləndirmək və vəsvəsələrə qarşı müqavimət vasitəsi kimi xidmət edir. Oruc həm də insanlara ani və keçici istəklərə necə müqavimət göstərməyi və uzunmüddətli hədəflərinə sadiq qalmağı öyrədir.

Ümumiyyətlə, oruc tutmaq mənəvi və psixoloji təcrübə kimi insana özünü və Allahla münasibətlərini daha dərindən dərk etməyə kömək edir.

captcha