“TRT News”-un verdiyi məlumata görə, 25 yaşlı jurnalist İsrail ordusunun dinc əhaliyə qarşı soyqırımını əks etdirən fotoşəkilləri ilə tanınıb.
Sənədli filmin rejissoru Sepidə Farsinin sözlərinə görə, Hassona hücum zamanı ailəsi ilə birlikdə evdə olub və bir çox ailə üzvü ilə birlikdə həyatını itirib.
Bu yaxınlarda nişanlanan Hassona ölümündən cəmi bir neçə gün əvvəl öyrəndi ki, onun sənədli filmi Kann Film Festivalında müstəqil seçim olan ACID bölməsinə qəbul edilib.
Rejissor Farsi bildirib ki, o zaman Hassonanın festivala qatılıb geri dönə biləcəyindən narahat olub.
“Ruhunu Əlinə Al və Gəz” adlı sənədli film rejissorla jurnalistin 2023-cü il oktyabrın 7-dən sonra təxminən bir il davam edən yazışmalarından bəhs edir.
Farsi, ACID-in internet saytındakı filmin təqdimatında, "Bu film Fatimə ilə möcüzəvi qarşılaşmanın açdığı bir pəncərədir... Qəzzədəki qətliamı onun gözü ilə gördük. O mənim gözümdü, mən onun xarici dünya ilə əlaqəsi idim" dedi.
Hassonanın sənədli filmdə iştirakının onu hədəfə çevirdiyini düşündüyünü ifadə edən Farsi, baş verənlərin son dərəcə sarsıdıcı olduğunu bildirib.
Son hücumlardan sonra Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini deyib: “Fələstinli jurnalistlər qəhrəmancasına işləməyə davam edir və ağır bədəl ödəyirlər; indiyədək 170 jurnalist həyatını itirib”. BMT-nin verdiyi məlumatına görə, Qəzzada xidməti vəzifələrini yerinə yetirərkən və ya evlərində öldürülən jurnalistlərin sayı 209-a çatıb.
Sənədli filmi nümayişə hazırlayan ACID təşkilatı, Hassona ilə görüşərkən onun qətiyyətinə və gülümsəməsinə heyran qaldıqlarını bildirərək, "O, bombalar, aclıq və ağrılar arasında fotoşəkillər çəkdi, yardım payladı və şahidlik etdi. Onun ölümü bu filmin daha geniş auditoriyaya çatmasını zəruri etdi" dedi.