IQNA

Mərhum Qari Şeyx Həmdi Zəmil Misirdə anıldı

13:30 - May 16, 2025
Xəbər sayı: 3498190
İQNA – Misir Vəqflər Nazirliyinin rəsmi internet saytı, mərhum Qari Şeyx Həmdi Əl-Zəmilin vəfatının 43-cü ildönümü münasibətilə onun qiraətlərini yenidən dərc edib.
kod

 

“İQNA”, “Əş-Şuruq” saytına istinadən xəbər verir ki, mayın 12-si Misirin və İslam dünyasının məşhur qarisi Şeyx Zəmilin vəfatının ildönümüdür. Şeyx Zəmilin könlü oxşayan qiraətlərinin xatirəsini ehtiramla yad etmək məqsədilə nazirliyin rəsmi saytında silsilə qiraətlər dərc olunub.

Məşhur qari 1929-cu il dekabrın 22-də Misirin Daxaliya vilayətinin kəndlərindən birində anadan olub. O, 10 yaşından əvvəl bütün Quranı əzbərləyib.

Onun qiraəti 1976-cı ildə Misir Radio və Televiziyası tərəfindən təsdiq edilmişdir. O, Misirdə dini günlərdə etdiyi qiraətlərlə məşhur olmuşdur.

Quranı bütünlüklə əzbər bilən Şeyx Həmdi Quran elmləri üzrə mütəxəssis Şeyx Tofiq Əbdül-Əzizdən qiraət təhsili alıb.

Təcvid qaydalarına riayət etməsinə və nümunəvi şəxsiyyətinə görə Şeyx Mustafa İsmayıl və Ustad Əbdül-Basit Əbdüs-Saməd kimi dövrünün böyük qariləri tərəfindən hörmətlə qarşılanırdı.

Şeyx Həmdi Zəmil 1982-ci il mayın 12-də 53 yaşında şəkər xəstəliyindən dünyasını dəyişib.

Aşağıda “Tövbə” surəsinin 111-dən 117-yə qədər olan ayələrinin tilavəti verilmişdir:

“Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu alver) Onun öhdəsində olan – (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Qur’anda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!”.

“(Bu möminlər) həmin tövbə edənlər, ibadət edənlər, həmdü-səna deyənlər, oruc tutanlar, (cihad və din elmi kəsb etmək üçün) səfər edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın (dininin əsas və qollarının) sərhədlərini qoruyanlardır. Bu möminlərə müjdə ver”.

“Peyğəmbərə və iman gətirənlərə müşriklərin Cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra onlar üçün, hətta qohumları(ndan) olsalar belə, bağışlanma istəmək yaraşmaz (və bu, şəriət baxımından caiz və ağıl baxımından düzgün olmaz)”.

“İbrahimin atası (əmisi Azər) üçün bağışlanmaq istəməsi (istiğfar etməsi) yalnız ona verdiyi vədə (onun üçün istiğfar edəcəyini vəd etməsinə) görə idi. Buna görə də elə ki, (onun küfrdə israrlı olmasından, ya küfr halında ölməsindən) ona (İbrahimə) onun (əmisinin) Allahın düşməni olması aydın oldu ondan uzaqlaşdı (çünki əfv diləmək Allahla düşmən olan kəs üçün deyil Allahın düşmən olduğu kəs üçündür). Həqiqətən İbrahim haqdan qorxan, günahdan qəmgin olan, (Allah dərgahına) ürəkdən çox ah çəkən və həlim idi”.

“Allaha bir dəstəni (dinin əsaslarına) hidayət etdikdən sonra, (digər hökmlərdə) qorxmalı olduqları şeyi (vacib və haramları) onlara aydınlaşdırmadan (açıqlamadan) nadanlıqda buraxmaq (və ya müxalifət etdiklərinə görə cəzalandırmaq) yaraşmaz (və bu, “lütf” qanunu və ağıl ilə uyğun gəlmir). Həqiqətən Allah hər bir şeyi biləndir”.

“Şübhəsiz, göylərin və yerin həqiqi sahibi və mütləq hakimiyyəti Allaha məxsusdur. (Yaşamaq və ölmək qabiliyyəti olan hər bir şeyi) O dirildir və öldürür. Sizin üçün Allahdan başqa heç bir dost, başçı və yardımçı yoxdur”.

“Əlbəttə, Allah Peyğəmbərə və çətinlik zamanı (Təbuk müharibəsi səfərində) ona tabe olan mühacir və ənsara, onlardan bir dəstəsinin qəlblərinin (nə üçün say və təchizat baxımından bərabər olmayan bir döyüşə başlamalıyıq? deyə Peyğəmbərin əmrinə) dönük çıxmasının yaxın olmasından sonra nəzər yetirdi və onların tövbəsini qəbul etdi. Sonra Öz mərhəməti ilə onlara üz tutdu. Həqiqətən Allah onlara qarşı çox şəfqətli və mehribandır”.

4282207

Teqlər: misir ، qari ، quran ، qiraət
captcha