IQNA

Mərakeşdə 3 min ədəd Quran nüsxəsinin Brayl əlifbası ilə çap olunması

23:55 - June 21, 2025
Xəbər sayı: 3498390
İQNA – Mərakeşdə və Afrika qitəsində paylanmaq üçün 3 min ədəd Qurani-Kərim nüsxəsinin Brayl əlifbası ilə çap olunması barədə müqavilə ölkənin paytaxtı Rabatda iki qurum tərəfindən imzalanıb.

“Hespress” saytının xəbərinə görə, bu müqavilə 18 iyun tarixində Mərakeşin görmə qabiliyyətini itirmiş şəxslərin müdafiə təşkilatı ilə 6-cı Məhəmməd Qurani-Kərim nəşri təşkilatı arasında imzalanıb.

Hər iki qurumun verdiyi birgə açıqlamada bildirilir ki, bu təşəbbüs görmə əngəlli şəxslərin dini təhsil əldə etmə imkanını təmin etmək, onların cəmiyyətə qazandırılması və cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmaları istiqamətində atılmış davamlı addımların bir hissəsidir.

Müqavilənin məqsədi, Brayl əlifbası ilə çap edilmiş 3 min Qurani-Kərim nüsxəsini Mərakeşdə və ümumilikdə Afrikada görmə əngəlli insanlara pulsuz şəkildə paylamaqla onların Qurani-Kərim ilə birbaşa təmaslarını təmin etməkdir.

Bu təşəbbüs, görmə əngəllilərin mədəni və dini həyata tam şəkildə qatılmalarını, dünyagörüşlərinin genişləndirilməsini və hüquqlarının artırılmasını hədəfləyir.

Açıqlamada, hər iki tərəfin bu layihəni həyata keçirdikdən sonra gələcəkdə yeni layihələrin icrası üçün əməkdaşlığı davam etdirməyə sadiq olduqları da vurğulanıb.

Bu layihələr inkişafda olan bir ölkə kimi Mərakeşin əlil insanların müdafiəsi sahəsində apardığı işlərin və cəmiyyətdə bərabərlik, ədalət kimi dəyərlərin möhkəmləndirilməsinin göstəricisidir.

4289364

captcha